
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rüstəm Rzayev və Elşad Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək hər iki şəxsin cinayətinin məhkəmə istintaqında da tam sübuta yetirildiyini deyib. O, təqsirləndirilən hər iki şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi oktyabrın 18-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə bu ilin yanvar ayında Zabrat qəsəbəsində baş verib. Yanvarın 10-da həmin qəsəbədə 1965-ci il təvəllüdlü Sevil Rzayevanın üzərində zorakılıq əlaməti olan meyitinin yaşadığı evdə aşkar edilib. Cinayəti törətməkdə şübhəli bilinən mərhumun keçmiş əri Rüstəm Rzayev və tanışı Elşad Həsənov tutularaq istintaqa cəlb edilib.