Teatrı həyatının mərkəzinə çevirən adam - Elnur Məmmədov

  • By ilhame
  • 14 Avqust 2024 00:01

Teatr- həqiqətən də sehrli bir aləmdir.

O əsrarəngiz atmosferə düşən çox insan möcüzəvi şəkildə həyatının dəyişdiyini izləyir, hər gün müxtəlif obraz, aktyor oyunu, tədbir və digər təşkilati işlər teatr aləmində olan hər kəsi öz sehrli ağuşuna alaraq həyatını teatrala çevirir.

Bu gün Akademik Milli Dram Teatrının Truppa müdiri vəzifəsində çalışan Elnur Məmmədov da teatrda işləmədiyi dönəmlərdə, teatrın əzəmətli binasına kənardan baxaraq arzular qurardı. Həmin arzuları bu gün artıq gerçəkdir.

Tələbəlik illərindən bir təhsil aldığı aktyor və aktrisalar ilə bu gün bərabər çalışır. İllərdir ki, teatrda truppa müdiri vəzifəsində çalışan Elnur Məmmədov, aktyor, yaradıcı və texniki heyətdən tutmuş bütün teatr heyəti ilə səmimi və doğma münasibətdədir. Hər kəsin dərdinə şərik olan bu pozitiv insan illərdir ki, bu kollektiv ilə artıq bir ailəyə çevrilib. İş yeri də həyatının mərkəzinə çevrilib desək yanılmarıq. Həyat yoldaşı Könül Kərimova da teatrda rejissor köməkçisi vəzifəsində çalışır. İki qız övladından biri də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alır.

O, uzun illərdir ki incəsənət sahəsində çalışaraq bu sahəyə əmək verir.

Bu gün onun dünyaya gəldiyi gündür.

Onun həyat və yaradıcılığına qısa bir nəzər salaq:

Elnur Məmmədov 14 avqust, 1976-cı ildə Qərbi Azərbaycanın Güllüdərə kəndində anadan olub.

 

1994-1998-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino aktyoru” fakültəsində təhsil almışdır.

 

1996-1998-ci illərdə o, İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor vəzifəsində çalışmışdır. Burada o, Ş.Başbəyovun “Dəmir qadın” əsərində Alimcan, İ.Vəliyevin “Abasqulu Şadlinski”sində Komsomol, V.Əliyevin “Madam Badam”ında Dursunəli, Ağacəfər ağa, Ş.Cəbrayılovun “Sehrli alma”sında Ağanəzər kimi obrazlar yaratmışdır.

Mədəniyyət və İncəsənət İnstitutunda təhsil aldığı illər ərzində E.Məmmədov Akademik Milli Dram Teatrının repertuarında olan bir neçə tamaşalarda kütləvi səhnələrdə çıxış etmiş, bir çox tamaşalarda müxtəlif rollarda oynamışdır.

 

V.Rozovun “Şadlıq sorağında” əsərində Nikolay, N.Hikmətin “Kəllə” dramında Hoqqabaz, polis, B.Vahabzadənin “Dar ağacı”nda Ərəb zabiti, V.Şekspirin “Hamlet” faciəsində Marsel, C.Cabbarlının “Ulduz yaxud Ədirnə Fəthi” adlı tarixi dramında Ərəb, Elçinin “Poçt şöbəsində xəyal”ında Poçt işçisi, U. Şekspirin “12-ci gecə, yaxud hər nə istəsəniz” tamaşasında (Antoni), kimi irili-xırdalı maraqlı obrazlar yaratmışdır. Teatrın repertuarında Azər Mirzəyevin “İlin son dərsi” və özünün səhnələşdirdiyi “Novruz gəlir” əsərlərinə quruluş verib. Bir çox dövlət tədbirlərinin ikinci rejissoru və rejissor assistenti kimi fəaliyyət göstərib.

 

2002-ci ildə Akademik Milli Dram Teatrında truppa müdiri təyin olunub. 2003-cü ildə “SOY Production” MMC-də çalışıb.

 

2005-ci ildə yenidən Akademik Milli Dram Teatrında truppa müdiri vəzifəsinə təyin olunub. 2015-ci ildə teatrda baş inzibatçı, 2016-cı ildən növbəti dəfə truppa müdiri vəzifəsinə təyin olunub.

Teatrdakı səmərəli fəaliyyətinə və xidmətlərinə görə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Azərbaycan Respublikasının fəxri mədəniyyət işçisi” döş nişanı ilə təlif olunub.

 

2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

 

Filmoqrafiya

“Qeybdən gələn səs” (film, 2002)

“Gürzə” (Teleserial) (2008)

“26 nömrəli mənzil” (2011)

 

Akademik Milli Dram Teatrının Truppa müdiri Elnur Məmmədovu bir daha ad günü münasibətilə təbrik edir, ona uğurlar arzulayırıq…

 

İlhamə Məmmədova

Gununsesi.info