Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının gündəliyinə Azərbaycanda insan hüquqlarının vəziyyəti məsələsinin salındığı bildirilir.
Gununsesi.info-nun xəbərinə görə, sessiyanın ilk günü, sentyabrın 30-dakı gündəliyə “”Azərbaycanda insan hüquqları, qanunun aliliyi və demokratiya ilə bağlı vəziyyətin pisləşməsi” təcili prosedur debatı” daxil edilib.
“Müzakirələrin yekunlarına görə Avropa Şurası Nazirlər Komitəsinin təşkilat qarşısında öhdəliklərini yerinə yetirməməsinə görə Azərbaycana qarşı görüləcək tədbirlər haqqında tövsiyələri qəbul ediləcək”.
Milli Məclisin deputatı Naqif Həmzəyev Gununsesi.info-ya açıqlamasında bildirib ki, AŞ PA Azərbaycana qarşı növbəti dəfə yanlış yol tutur:
“Təəssüf ki, AŞ PA-da bəlli bir siyasi qrup bu təşkilatı öz maraqları naminə istifadə edir. Azərbaycana münasibətdə baş verən ədalətsizliyi aradan qaldırmaq əvəzinə yenə yanlış yol seçilir. Bu münasibət bizi getdikcə Azərbaycanı ciddi seçim qarşısında qoyur. Cənab Prezident də sonuncu bəyanatında Azərbaycanın AŞ PA ilə münasibətlərinin hansı şərtlərlə qaydaya düşəcəyini söylədi. Avropa Şurası bizimlə münasibətlərini qaydaya salmaqda maraqlıdırsa bizim nümayəndə heyətini qeyd şərtsiz Assambleyaya qaytarmalıdır. Bundan sonra əməkdaşlıq, görüləcək işlər və digər məsələləri müzakirə etmək olar”.
Afət Abbasova
Gununsesi.info