AŞ PA qarşısında Dilqəmlə Şahbaza azadlıq tələb ediləcək

Bu gün Avropa Şurası Parlament Assambleyasının sessiyası başlayıb.
Gununsesi.org-un xəbərinə görə, bir qrup azərbaycanlı fəal Ermənistanın girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması tələbi ilə qurumun qarşısında aksiya keçirəcək.

“Report”un yerli bürosunun məlumatına görə, aksiya oktyabrın 1-də Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) binası qarşısında baş tutacaq.

Qeyd edək ki, 2014-cü ilin iyulun 11-də azərbaycanlı mülki şəxslər – D.Əsgərov və Ş.Quliyev Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb, onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib. Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq separatçı rejim tərəfindən uydurma iddialar əsasında “məhkəmə” təşkil edilərək D.Əsgərov “ömürlük”, Ş.Quliyev isə 22 il müddətinə qanunsuz olaraq azadlıqdan məhrum ediliblər.

Gununsesi.org