“ASAN xidmət”lə Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumət Təşkilatı arasında memorandum imzalanıb

  • By admin
  • 23 İyun 2018 14:16

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti BMT Dövlət Xidmətləri Forumunda iştirak edir.

Agentliyin İnformasiya təminatı şöbəsindən “Report”a verilən məlumata görə, qurumla Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumət Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumun məqsədi Afrika şəhər və yerli hökumət orqanlarında yüksək keyfiyyətli xidmətlərin göstərilməsi məqsədilə insan resurslarını gücləndirmək, yerli idarəetmə orqanlarını dövlət xidmətlərinin göstərilməsi sahəsində “ASAN xidmət” təcrübəsi əsasında daha mükəmməl formada təşkilatlandırmaqdır.

Həmçinin nümayəndə heyəti Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumət Təşkilatının (UCLG-Afrika) baş katibi Jan Pier Elonq Mbassi, Monteneqronun dövlət idarəçiliyi naziri Suzana Pribiloviç, Uqandanın dövlət xidmətləri naziri Vilson Muruli Mukasa və BMT-nin İqtisadi və Sosial Məsələr üzrə Departamentinin Dövlət Xidmətləri İnnovasiyaları bölməsinin rəhbəri Con Mari Kauzya ilə gələcək əməkdaşlıq, birgə fəaliyyət üzrə konkret layihələrin müzakirəsinə həsr olunmuş görüşlər keçirib.

Forum çərçivəsində “Fəaliyyətə keçməyin vaxtıdır: Hansı fəaliyyətlər, hansı alətlər, hansı vasitələr” mövzusunda “UCLG Afrika” təşkilatı tərəfindən təşkil olunan paneldə “ASAN xidmət” barədə təqdimat edilib. Təqdimatda “ASAN xidmət” təcrübəsinin həm şəffaflığın tətbiqi və korrupsiya ilə mübarizə, həm də səmərəli və keyfiyyətli dövlət xidmətlərinin göstərilməsi baxımından unikal bir mexanizm olduğu ayrı-ayrı nümunələrlə, qabaqcıl idarəetmə prinsiplərinin kontekstində diqqətə çatdırılıb. İnteraktiv müzakirələrlə davam edən paneldə Afrika nümayəndələri “ASAN xidmət” təcrübəsinin dünyanın müxtəlif regionlarında, xüsusilə də Afrikada tətbiqinin üstünlüyü və zəruriliyi ilə bağlı fikirlər səsləndirib, şərhlər qeyd ediblər.

Forum builki qaliblərin BMT Dövlət Xidmətləri mükafatı ilə təltif edilmə mərasimi ilə öz işini başa çatdırıb.