
Bir neçə ildir ki, Bakıda səngiyən söküntü bumu yenidən başlayıb.
Gununsesi.info-nun xəbərinə görə, paytaxtın Nəsimi Rayonu ərazisində “Papanin” adlanan ərazi sayılan “Novruzov qardaşları” küçəsində mənzillər dağıdılır.
Ərazidə yeni tikinti aparan şirkətlə razılaşmayan vətəndaşlar isə söküntü bumunun toz-torpağında, daş-qalağının ortasında yaşağama məcburdur.
Düzdür, razılaşmayacaqları təqdirdə evlərindən çıxarılmayacaqları barədə vədləri var.
Ancaq bu insanların yaşadıqları durum dözülməzdir.
Ətrafı dağıdılmış mənzillərdən ibarət olan bir neçə ailə evinin pəncərəsini belə aça bilmir.
Daş-beton söküntülərinin mühasirəsinə düşən insanlardan biri də Bənavşə Süleymanova adlı şəxsdir.
Deyir ki, tikinti şirkəti onlara mənzilinin hər kvadrat metrinə görə 1500 manat təklif edir: “Nəsimi rayonunda mənzilin kvadratı 4-5 min manatdır. Bunlar çox insafsız adamlardır. Mən burada iki övladıma ev vermişəm. Hərəsinin öz ailəsi var və hərəsi ayrıca 2 otaqda yaşayır”.
Mənzilinin altını ailəsini dolandırmaq üçün mağazaya çevirən Sübhanverdi Babayev də narazılardandır.
Bildirir ki, tikinti şirkəti onun mağazasına ödəniş eləmək istəmədiyindən köçmək istəmir.
Nəsimi Rayon İcra Hakimiyyəti isə vətəndaşların düşdüyü bu duruma biganədir.
Guya hər həftə vətəndaş qəbulu keçirən icra başçısı Asif Əsgərov nədənsə Novruzov qardaşları küçəsinə yolunu salmır.
Onun qəbuluna gedənlər isə aşağı dərəcəli məmurlar tərəfindən qəbul edilir, yalançı vədlərlə geri göndərilir.
Reallıq isə dağıntıların arasında yaşamaqdan ibarətdir.
Afət Abbasova
Gununsesi.info