“Aşıq Şəmşir və Qarabağ folklor mühiti” mövzusunda dəyirmi masa

  • By admin
  • 17 Mart 2021 21:24

Folklor İnstitutu nəzdində Xalq musiqi irsi və dastançılıq ənənələri üzrə UNESCO “Aşıq Şəmşir” kafedrasının təşkilatçılığı ilə “Aşıq Şəmşir və Qarabağ folklor mühiti” mövzusunda onlayn dəyirmi masa keçirilib.

İnstitutdan Gununsesi.info-ya bildirilib ki, elmi müəssisənin direktoru, akademik Muxtar İmanov “Aşıq Şəmşir” kafedrasının fəaliyyətində əsas istiqamətlərdən birinin Qarabağ xalq mədəniyyətinin öyrənilməsi olduğunu qeyd edib. Akademik Kəlbəcərin folklor mühitinin Qarabağ xalq mədəniyyəti kontekstində öyrənilməsinin əhəmiyyətinə toxunub. Bildirib ki, Aşıq Şəmşir sənəti Qarabağ xalq mədəniyyəti ilə qırılmaz surətdə bağlıdır.

HTML tutorial

İnstitutun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Sönməz Abbaslı “XIX-XX əsrlər Qarabağ aşıq mühiti” mövzusunda məruzə edib. O, Kəlbəcərdə doğulub boya-başa çatmış Aşıq Şəmşirin yaradıcılığına toxunaraq bildirib ki, yurduna, obasına bağlılıq, el arasında böyük hörmət sahibi olması ustada “Dədə Şəmşir” adını qazandırıb. Ustad aşıq qoşma, gəraylı, müxəmməs, təcnis və bağlamalarında Kəlbəcər təbiətini böyük heyranlıqla tərənnüm edib, hər kəsi vətəninə, elinə arxalanmağa çağırıb.

Onlayn tədbirdə, həmçinin filologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə İsayevanın “Aşıq Şəmşir və Qarabağ dastançılıq ənənəsi”, “Ədəbiyyat” qəzetinin baş redaktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Adil Cəmilin “Aşıq Şəmşir və Qarabağ gülüş mədəniyyəti”, filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Süleymanovanın “Qarabağda xalq lirikası: dünən və bu gün” mövzusunda məruzələri dinlənilib.

Tədbirə qoşulan Həbib Misirov təmsil etdiyi Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi adından institut rəhbərliyinə və məruzəçilərə dəyirmi masa üçün dərin təşəkkürünü bildirib.

Sonda Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO üzrə nümayəndəsi Fazil Qasımov söz alaraq Qarabağ folklorunun toplanması, araşdırılması və öyrənilməsinin əhəmiyyətindən danışıb.

Gununsesi.info