Aslan İsmayılov həbs edilə bilər - TANINMIŞ HÜQUQŞÜNASA CİNAYƏT İŞİ AÇILIB

  • By admin
  • 27 May 2018 10:57

Uzun zamandır ki, Azərbaycanın məşhur hüquqşünası Aslan İsmayılovla  “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənli arasında qarşılıqlı ittihamlar səngimir.

Gununsesi.info-nun xəbərinə görə, “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənlinin hüquqşünas Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında şikayəti icraata qəbul olunub. Bununla bağlı  Səbail Rayon Məhkəməsində Mürvət Həsənli iddiası üzrə hazırlıq iclası keçirilib.

Azpolitika.info bildirir ki, hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan iclada barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş A.İsmayılovla bağlı zorla gətirmə tətbiq olunub. Belə ki, hüquqşünas məhkəmə iclasına polis vasitəsilə gətirilib.

Xatırladaq ki, M.Həsənli xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib və A.İsmayılovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi iləcinayət məsuliyyətinə cəlb edilərək, cəzalandırılmasına dair hökm çıxarılmasını məhkəmədən xahiş edib.

Məhkəmə qərarına əsasən, M.Həsənli ittihamçı, A.İsmayılov isə təqsirləndirilən şəxs qismində tanınıb. İşin açıq məhkəmə baxışının Səbail Rayon Məhkəməsində 31 may 2018-ci ildə keçirilməsi qərara alınıb. A.İsmayılovun müdafiəçidən imtina etdiyi də qərarda əksini tapıb.