Aslan İsmayılov: “Namiq Abbasovun dəfnində anladım ki…”

  • By admin
  • 29 Mart 2024 00:37

Dünən vəfat edən Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov Nardaranda dəfn edilib.

Sabiq nazirin sadə dəfn törəni bir çox insanların təəccübünə səbəb olub.

Gununsesi.info bildirir ki, tanınmış hüquqşünas Aslan İsmayılov da bu haqda yazıb.

Onun sosial şəbəkə hesabında yazdığı qeydlərini təqdim edirik:

Azərbaycanın ən çətin dövrlərində Milli Təhlükəsizlik naziri işləmiş Namiq Abbasov rəhmətə gedib. Həm o dövrü, həm də o dövrdə işləmiş vəzifəli şəxsləri yaxşı tanıdığımdan bildirirəm ki, Namiq Abbasov o çətin günlərdə Vətəninə sadiq, təpədən dırnağa milli olan, nəfsinə qalib gələn çox nadir vəzifəli şəxslərdən olub. Çox təəssüf edirəm ki, o, mətbuata açıq olmadı. Əminəm ki, hamımızın bilməyimizin çox faydalı olacaq sirləri, Azərbaycanın müstəqilliyə qədəm qoyduğu ilk illərdə əksər vəzifəli şəxslərin hansı oyunlar oynadığını rəhmətlik Heydər Əliyev xaric N.Abbasov qədər bilən olmayıb. Onun müəmmalı səfir sürgünün sirrini bilmirəm, ancaq əminəm ki, bu olayın arxasında N.Abbasovun xəyanəti, Vətənə dönüklüyü ola bilməz. Baş verənlər ya bir xətanın nəticəsi, yaxud Azərbaycanın müstəqilliyini qəbul etməyənlərin oyunu ola bilərdi.

Rəhmətlik Namiq Abbasovla heç vaxt görüşməsəm də onun mənim həyatımda həlledici rolu olub. 2000, yaxud 2001-ci ildə Prezident Aparatında keçirilən Təhlükəsizlik Şurasının iclasında 2 nəfər hüquq-mühafizə orqanı rəhbərləri xaricdə dövlətçilik əleyhinə çox ciddi iş apardığımı və buna görə də həbs məsələmi 2-ci dəfə qaldıranda rəhmətlik Heydər Əliyev N.Abbasovun fikrini soruşur. N.Abbasov “Aslan İsmayılov idarəolunmaz və xarici təşkilatlarda nüfuzu olan şəxsdir. Ancaq onun Azərbaycan Dövlətinə ziyan gətirəcək fəaliyyəti haqqında heç bir məlumatımız yoxdur, əksinə Dövlətimizə fayda verən, xüsusilə erməni təbliğatının əleyhinə olan çoxlu hərəkətləri bizə bəllidir” cavabını verir. Bununla mənim həbs olunmağımın qarşısı alınıb. Bu söhbəti uzun illər sonra həmin vaxtlar Təhlükəsizlik Şurasının bir üzvü mənə demişdi.

Bu gün Namiq Abbasovun dəfnində iştirak etdim və bir daha əmin oldum ki, xalq olaraq biz hələ də milli kadrlarımıza sahib çıxa bilmirik! Uca Allahdan rəhmət diləyirəm.

 

Gununsesi.info