AŞPA-nın həmməruzəçiləri Ədliyyə Nazirliyində

  • By admin
  • 15 Sentyabr 2017 20:32

edliyye-nazirliyi1
Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ədliyyə nazirinin müavini Azər Cəfərov ilə görüşüblər.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya bildiriblər ki, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub, dövlətimizin başçısının cari il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamın icrası üzrə görülən işlər barədə faydalı müzakirələr aparılıb.

Həmməruzəçilər cinayət qanunvericiliyinin liberallaşdırılması, bir sıra cinayətlərin dekriminallaşdırılması məqsədilə yeni qanunların qəbul olunması və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi işinin davam etdirilməsi, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan qətimkan tədbirlərinin və alternativ cəzaların tətbiqinin genişləndirilməsi, Probasiya xidmətinin fəaliyyətinin təşkili üzrə tədbirlər barədə məlumatlandırılıb. Qonaqlar penitensiar müəssisələrə baş çəkmək üçün yaradılan imkana görə minnətdarlıqlarını bildiriblər.

Söhbət zamanı, həmçinin məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsindən, Məhkəmə-Hüquq Şurasının özünüidarə səlahiyyətlərinin genişləndirilməsindən, məhkəmə fəaliyyətində antikorrupsiya tədbirlərindən bəhs olunub, qonaqları maraqlandıran suallara aydınlıq gətirilib.

Gununsesi.info