Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası işə başlayıb.
Gununsesi.info xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti sessiyada iştirak edir. Qış sessiyası AŞPA-nın yeni prezidentinin və vitse-prezidentlərinin seçkisi ilə başlayıb. Sessiyanın gündəliyində Yaxın Şərqdəki hadisələr – HƏMAS-ın İsrailə hücumu, İsrailin cavab tədbirləri, Avropada cəzaçəkmə müəssisələrində sistemli işgəncə iddiaları, demokratik cəmiyyət üçün SLAPP-lara (İctimai İştirakçılığa Qarşı Strateji Məhkəmələr) qarşı mübarizə və digər məsələlər əsas müzakirə mövzuları siyahısındadır. Bundan başqa, ukraynalı uşaqların vəziyyəti ilə bağlı təcili prosedur çərçivəsində müzakirələrin keçirilməsi də nəzərdə tutulur. Sessiyanın birinci günü Büro və Daimi Komitənin hesabatlarının dinlənməsi və müzakirəsi ilə davam edəcək.
Sessiya çərçivəsində Kipr və Monteneqronun prezidentlərinin, eləcə də Lixtenşteynin Baş nazirinin çıxışları gözlənilir. Eyni zamanda, Lixtenşteynin xarici işlər, təhsil və idman naziri, Nazirlər Komitəsinin sədri Dominik Haslerin və Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriçin hesabatları dinləniləcək. Onlar avropalı parlamentarilərin suallarını da cavablandıracaqlar.
Parlamentarilər sessiya müddətində, eyni zamanda, Avropa Şurasının insan hüquqları üzrə komissarını seçəcəklər.
Qış sessiyasının gündəliyində böhran və müharibə dövründə qloballaşma, Rusiya-Ukrayna müharibəsindən sonra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) rolu, seçki kampaniyasında miqrasiya və sığınacaq, eləcə də Avropadakı müəssisələrdə uşaq istismarının qarşısının alınması kimi mövzular da yer alıb.
Gununsesi.info