“AŞPA sadəcə qərarlar qəbul etməklə işini bitmiş hesab etməməlidir” - QƏNİRƏ PAŞAYEVA

  • By admin
  • 23 Yanvar 2018 18:32

“AŞPA Azad Demokratlar Qrupu toplantısında Ermənistan silahlı qüvvələrinin amansızlıqla qətlə yetirdiyi balaca Zəhradan, Farizdən, Aygündən və işğal etdiyi torpaqlarımızda qətlə yetirdiyi uşaqlardan danışdım və bildirdim ki, Ermənistan uşaqlara qarşı bu cinayətləri neçə illərdir davam etdirir”.

Gununsesi.info xəbər verir ki, bunu deputat Qənirə Paşayeva deyib. Deputat qeyd edib ki, bu cinayətləri törədənlər ədalət qarşısında cavab verməyiblər.

Q.Paşayevanın sözlərinə görə, bu da onu göstərir ki, bu cinayətlər Ermənistan rəhbərliyi tərəfindən dəstəklənir: “Bildirdim ki, əgər AŞPA 2005-ci ildə qəbul etdiyi və Ermənistanın artıq 13 ildir yerinə yetirməkdən imtina etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində rəsmi İrəvana ciddi təzyiqlər göstərsəydi Zəhra, Fariz, Aygün kimi uşaqlar bu gün aramızda olardı. Ona görə də AŞPA sadəcə qərarlar qəbul etməklə işini bitmiş hesab etməməlidir, həmin qətnamələrin yerinə yetirilməsi istiqamətində təsir və təzyiq mexanizmlərindən də istifadə etməlidir”.

Deputat əlavə edib ki, AŞPA bundan sonra da ön cəbhə bölgələrində uşaqların həyatını itirməsini istəmirsə o zaman qəbul etdiyi sənədlərin yerinə yetirilməsi istiqamətində Ermənistana təzyiqlər etməlidir: “Eyni zamanda bu kiçik yaşlı uşaqları qətlə yetirən cinayətkarlar, uşaq qatilləri ədalət qarşısında cavab verməlidir. Və onların ədalət qarşısında cavab verməsinə nail olunması üçün AŞPA səylərini artırmalıdır. İnsan haqlarının müdafiəsi dəyərləri üzərində qurulmuş bu təşkilatdan həmin uşaqların ailəsi məhz bunu gözləyir. Sadəcə onlar deyil AŞPA-da hökm sürən ikili standartlar üzündən təşkilata etimadı, inamı azalan bütün azərbaycanlılar da. Azad Demokratlar Qrupunu da fəaliyyətində bu məsələlərə diqqət ayırmağa çağırırıq”.

Gülnaz Qənbərli

Gununsesi.info