İsveçrənin Sürix şəhər Prokurorluğu Moskvanın Çerkizov bazarının keçmiş sahibi, Azərbaycan əsilli iş adamı Telman İsmayılov barəsində cinayət işi başladıb.
Gununsesi.org-un nun xəbərinə görə, bu barədə “Kommersant” qəzeti öz şəxsi mənbələrinə istinadən yazıb.
Məlumata görə, biznesmen İsveçrədə 3 iqtisadi cinayətdə – dələduzluq, borclunun əmlakının həbs edilməsi, aktivlərin kreditorların zərərinə cəlb edilməsi və aktivlərin çıxarılmasında şübhəli bilinir.
Moskvanın keçmiş bankı “BM-Bank” İsveçrə hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2012-ci ilin sentyabrından 2014-cü ilin fevralınadək Telman İsmayılova məxsus “AST” qrupunun “Rusline 2000” müəssisəsinə və “Tropicano Finance B.V.”yə 3 dəfə 230 milyon dollar məbləğində kredit verib. İş adamının özü isə bank qarşısında kredit öhdəliyini götürüb. Onun strukturları zamanla cərimələr də nəzərə alınmaqla toplanmış 15 milyard rublu ödəməyi dayandırıb. İsmayılovun özü Arbitraj məhkəməsi tərəfindən iflasa uğramış adam kimi qəbul edilib və bütün əmlakı hərraca çıxarılmalı olub.
Kreditor “BM-Bank” İsmayılova məxsus “Praqa” restoranı, “Tropikano” Biznes Mərkəzi, “AST” Ticarət Mərkəzi və Moskvada Kutuzov prospektindəki 2 mənzil, eləcə də ABŞ-dakı “Craig Valley Plaza” Ticarət Mərkəzinə nəzarəti ələ keçirib. Lakin bank biznesmenin ən məşhur aktivi olan, Türkiyədə yerləşən “Mardan Palace” lüks mehmanxana kompleksini ala bilməyib.
İstintaq zamanı İsmayılovun kredit vəsaitinin bir hissəsini İsveçrədəki banklara köçürdüyü, onun İsveçrə şirkətləri və fiziki şəxslərlə əlaqədə olduğu müəyyənləşib.
Biznesmenin vəkilləri İsveçrədəki istintaqla bağlı məlumatı KİV-dən öyrəndiklərini bildiriblər.
Xatırladaq ki, Rusiya vətəndaşlığı olan və uzun illər bu ölkədə yaşayan T. İsmayılovun barəsində 2017-ci ildə Moskvanın Basman rayon məhkəməsi tərəfindən axtarışla iki ay müddətinə həbs qərarı verilib. İstintaq Komitəsi onu 2016-cı ildə Moskva vilayətində sahibkarlar Vladimir Savkin və Yuri Brılevin qətlinin təşkilində ittiham edir. Bunda başqa, o, 2004-cü ildə müğənni Avraam Russonun oğurlanmasında təqsirli bilinir.