
İki gündür mətbuatı və sosial şəbəkələri məşğul edən adam bu gün çıxıb üzr istədi. Söhbət Milli Məclisin deputatı Astan Şahverdiyevdən gedir. O Astan ki, adı kimi fəaliyyəti də adamlarda heç bir təəssürat doğurmur. Yəni, Milli Məclisə bu adam hansı “okoşka”dan ( deputat rusdillidir deyə belə yazırıq ki, başa düşsün) gəlib düşüb, bunu bir özü bilir, bir də Allah. İndi hər necə gəlib düşübsə, özü bilər. Heç olmasa düşdüyü yerin dəyərini bilib, ağır oturub, batman gələydi. Daha ağzını Allah yoluna qoyub danışmayaydı. Necə ki, 2005-ci ildən seçildiyi Milli Məclisdə onu bircə dəfə düz əməlli bir mövzu ətrafında danışdığını görməyiblər. 11 ilin başında sükutu pozanda da adam belə bir xəta buraxdı. Məsələdən yəqin ki, hamı xəbərdardır. Amma kimsə agah deyilsə, onlara hal-qəziyyəni danışaq. Deməli, bir neçə gün əvvəl Biləsuvarda Cəbrayıldan olan məcburi köçkünlər elektrik enerjisinin tez-tez kəsilməsi səbəbindən aksiya keçiriblər. Hadisəyə polis müdaxilə edib, sakinlərlə məcburi köçkünlər arasında qarşıdurma yaranıb. Hətta vəziyyət o həddə çatıb ki, 9 polis nəfəri xəsarət alıb. Hər halda rəsmi məlumat belə yayılıb. Astan da durub Cəbrayıldan seçilən deputat kimi bölgəyə gedib. Ondan Biləsuvarda nə baş verdiyini öyrənən mətbuata müsahibəsində isə deputat özünü əməlli-başlı “yandırıb”. Aksiyada saxlanılanları “yarıy” (azğın) adlandıran Astan şahverdiyev Rusiyaya işləmək üçün gedənləri də təhqir edib.”
“...onların içində sərxoşlar da var, cəmiyyətin tör-töküntüləri də. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin otxodları. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var” .
Belədə deyiblər, adımı sənə qoyum, səni də yana-yana. Əslində gərək Astan Şahverdiyev bu açıqlamadan sonra mandatını təhvil verəydi.Amma bizdə bu mədəniyyət hələ formalaşmadığından o çıxıb üzr istəyib. Deyib ki,mən rusdilliyəm, öz dilimdə yaxşı danışa bilmirəm, nə cəza versələr hazıram. Buna deyərlər rəzillik! Adam Füzulidə doğulub, Cəbrayılın Cocuq Mərcanlı kənd məktəbində 10 il orta təhsil alıb. İndi necə olur ki, bu “cocuq” rusdilli olur və öz dilində fikrini ifadə edə bilmir? Və yaxud, neyniyək ki, o doktorluq dissertasiyasını Moskva Energetika İnstitutunda müdafiə edib, istilik fizikasını öyrənib? Əsas məsələ odur ki, ömrünü istiliyin elmini öyrənməyə həsr edən adam insanlarla isti münasibətlər qura bilmir. Ona görə atalarımız deyib ki, alim olmaq asandır, insan olmaq çətin! Hər halda, Astan Şahverdiyevdə insanlıq olsaydı, o Rusiya bazarlarında çalışanların heysiyyatı ilə belə oynamazdı. Onun özü də çox yaxşı bilir ki, Rusiyada alver edənlərin heç də hamısı əhlikefliyindən bazar adamına çevrilməyib, ehtiyacdan, işsizlikdən piştaxta arxasında gedib dayanıblar. Onların arasında hər təbəqədən insanlar var, təhsillisi, diplomlusu isə lap çoxdur. Axtarsaq, hətta Astan kimi fiziklər də tapa bilərik. İndi o yazıqlar neynəsin ki, Astan kimi Milli Məclisə yol tapa bilməyiblər. Tapsaydılar, onlar da bizneslərini burda qurardılar. Müşfiqabadda market tikdirib adını Qarabağ qoyardılar, aptek tikdirib dərman satardılar. Və yaxud, qaçqın şəhərciklərində irili-xırdalı obyektlərə krışalıq edərdilər. Onlar bunu bacarmadıqlarından gedib Rusiya bazarlarında alış-veriş edirlər. Onda onlar “otxod” olur, Astan isə “yaxşı oğlan”?
Nə isə bu yaxşı oğlana deyəsən çox vaxt ayırdıq. Vaxt isə qızıldır və onu necə gəldi, kimə gəldi xərcləyə bilmərik. Astana isə ümumiyyətlə. Deyirəm, Dədə Qorqudun vaxtında belə tiplər olsaydı, yəqin Qorqud Dədə qopuzu sinəsinə basıb belə deyərdi. Aslana Astan demədim mən Dədə Qorqud…Astana Məstan demədim mən Dədə Qorqud.
Əgər deputat düşünsə ki, burda təhqir var, o zaman hesab bərabərdir: 1-1.
P.S. Qardaşı oğlu Astan Şahverdiyevin bu açıqlamanı verərkən içkili olduğunu deyib.
Pərviz Həşimli