Astrid Lindqrenin “Uzuncorab Pippi” səhnə əsərinin premyerası olub - FOTOLAR

  • By admin
  • 02 Noyabr 2016 17:20

genc-tamasacilar

Azərbaycan Dövlət Gənc Tamaşaçıları Teatrının səhnəsində İsveç uşaq ədəbiyyatının ən məşhur nümayəndəsi Astrid Lindqrenin “Uzuncorab Pippi” səhnə əsərinin premyerası olub. 

Gununsesi.info-nun məlumatına görə,  ilk dəfə Azərbaycan dilində nümayiş olunan “Pippi” tamaşası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, İsveç Krallığının Azərbaycandakı səfirliyi və Azərcell şirkətinin birgə layihəsinin məhsuludur.

Sözügedən teatr layihəsi bu ilin əvvəlində səfirlik, Azercell şirkəti və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə kitab layihəsinin davamı olaraq təqdim olunur.

Belə ki, qeyd olunan kitab layihəsi çərçivəsində Astrid Lindqrenin əsərlərindən ibarət 9 ədəd uşaq kitabı Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub və 610 qaçqın məktəbinin kitabxanalarına hədiyyə edilib.

Qeyd edək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında olan “Balaca və damda yaşayan Karlsson” tamaşası istisna olmaqla, bu layihəyə qədər Astrid Lindqrenin əsərləri azərbaycan dilində mövcud deyildi.

Astrid Lindqrenin səhnə əsərinin əsl ruhunu əks etdirmək məqsədilə, səfirlik İsveçin tanınmış teatr rejissoru Ronny Danielssonu tamaşanın hazırlanması prosesinə cəlb edib.

Azercellin pay sahiblərindən olan teleşirkətin maliyyə dəstəyi ilə Ronny Danielsson iki dəfə Bakıya səfərə gəlib, Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti ilə görüşüb, “Uzuncorab Pippi” əsərinin məşqlərində yaxından iştirak edib.

Layihə tərəfdaşları Astrid Lindqren yaradıcılığını geniş Azərbaycan auditoriyasına təqdim etməklə hər bir uşağın cəmiyyət üçün əhəmiyyəti və onun kamil bir şəxsiyyət kimi formalaşmasının vacibliyini diqqətə çatdırır.

Səfirlik eyni zamanda, Azərbaycan uşaq ədəbiyyatının daha geniş auditoriyaya təqdim edilməsi istiqamətində addımlar atmaqdadır ki, buna misal olaraq, Azərbaycanın müvafiq qurumlarının Astrid Lindqrenin xatirəsinə həsr olunmuş dünyanın ən nüfuzlu beynəlxalq uşaq ədəbiyyatı mükafatına  namizəd təqdim edə bilən təşkilatların siyahısına düşməsinə köməklik edilməsini göstərmək olar.

Onu da qeyd edək ki, “Uzuncorab Pippi” tamaşası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bədii şurasının qərarı ilə teatrın repertuarına daxil edilib və   noyabr ayındakı orta məktəb tətili də daxil olmaqla iki həftədən bir Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş olunacaq.

genc-tamasa

Gununsesi.info