Atəş açan “Yerkrapa”dır, Rusiya isə Qərbi ittiham edir

  • By admin
  • 17 Fevral 2024 08:37

Rusiyalı rəsmilər Ermənistan-Azərbaycan şərti sərhəddində baş verən son insidentin Qərbin maraqlarına uyğun olduğuna işarə edirlər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov fevralın 14-də açıqlama verərək Qərbin Bakı ilə İrəvan arasında postmünaqişə dövründə nizamlanmaya təsir göstərməyə çalışdığını bildirib. İki gün sonra oxşar açıqlama Rusiya Federal Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevdən gəlib. “Qərb Cənubi Qafqazda vəziyyəti qarışdırmağa, Ermənistan-Azərbaycan həll prosesinə müdaxilə etməyə çalışır” deyən Patruşev bunun bölgədə vəziyyətin gərginləşməsinə səbəb olduğunu vurğulayıb.

Gununsesi.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, əlbəttə, Qərb mələk deyil, Ermənistanı yalançı vədlərlə qorumağa çalışır:

“Ancaq son insidentdə Azərbaycan hərbçilərinə atəş açan “Yerkrapa” terror təşkilatının üzvləri olub. Onlar isə Birinci Qarabağ müharibəsindən bu yana Rusiyanın hərbi agenturasıyla bağlıdır. Azərbaycanla Ermənistan arasında Qərbin xüsusi vasitəçiliyinə ehtiyac olmadığı kimi, Rusiyanın da fəallığına ehtiyacımız yoxdur. Dövlət başçısı İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində fikrini aydın ifadə edib: “Vasitəçiyə ehtiyacımız yoxdur, gedin, işinizlə məşğul olun!” Bu sözlər həm Qərbə, həm də Rusiyaya aiddir”.

Gununsesi.info