“ATƏT-ə sədrlik edən Avstriyadan Qarabağ probleminin çözümündə ədalətli mövqe umuruq” - ZİYAFƏT ƏSGƏROV

  • By admin
  • 06 İyul 2017 21:11

ziyafat

Milli Məclis (MM) sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan Avstriya parlamentinin nümayəndə heyəti ilə görüşüb.

MM-dən Gununsesi.info-ya verilən məlumata görə, Azərbaycan-Avstriya əlaqələrindən danışan I vitse-spiker bildirib ki, dövlət başçılarının qarşılıqlı rəsmi və işgüzar səfərləri, ölkələrimiz arasında imzalanmış Memorandum əlaqələrin inkişafına şərait yaradıb.

O, qeyd edib ki, MM-də fəaliyyət göstərən Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu dostluq münasibətlərinin dərinləşməsinə özünəməxsus töhfə verir. Avropanın enerji təminatında mühüm rol oynayan Azərbaycan bu istiqamətdə bir sıra qlobal və regional layihələrə imza atıb.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Z. Əsgərov erməni vandalizminin nəticəsi olan Xocalısoyqırımından, əsir və girovlarımızın aqibətindən, itkin düşmüş 3 min 118 Azərbaycan vətəndaşının taleyinin indiyədək naməlum qaldığından, terroru dövlət siyasəti səviyyəsinə qaldırmış Ermənistan rəhbərliyinin qanunsuz əməllərindən, ölkəmizdə törətdikləri çoxsaylı terrordan danışıb. O Azərbaycan torpaqlarının qeyd-şərtsiz qaytarılmasına dair hələ 1994-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, həmçinin sonrakı illərdə digər qurumların, Avropa Şurasının, Avropa Parlamentinin qəbul etdikləri müvafiq sənədlərin indiyədək Ermənistan tərəfindən yerinə yetirilmədiyini vurğulayıb.

O, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində qətl edilən 2 yaşlı Zəhranın və nənəsi Sahibə Quliyevanın faciəsindən söz açıb. Beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa dövlətlərinin ikili standartlardan əl çəkərək bu hadisəyə münasibət bildirməli olduqlarını diqqətə çatdırıb:

“Hazırda ATƏT-ə sədrlik edən Avstriyadan Dağlıq Qarabağ probleminin çözümündə ədalətli mövqe umuruq”.

Avstriya parlamentində ən böyük və ən nüfuzlu müxalifət partiyasını təmsil etdiklərini bildirən Yohanes Hübner bildirib ki, hazırda ikili standartlar məsələsi beynəlxalq hüquqda özünü göstərir:

“Avropa Dağlıq Qarabağ münaqişəsini lokal məsələ kimi qəbul edir və düşünür ki, iki qonşu dövlət bu problemi öz aralarında həll etməlidirlər. Avstriya isə neytral siyasət yürüdür”.

Gununsesi.info