Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində 2 yaşlı Quliyeva Zəhranın həlak olması ilə bağlı Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin təşkilatçılığı ilə ATƏT-in Kiyevdəki ofisi qarşısında etiraz aksiyası təşkil edilib.
Gununsesi.info-nun xəbərinə görə, aksiyada Ukraynada fəaliyyət göstərən diaspor təşkilatlarının, o cümlədən Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin üzvləri, habelə bu ölkədə yaşayan soydaşlarımız da iştirak edib.
Aksiyada Ermənistan ordusunun vəhşiliyini göstərən plakat və banerlərdən istifadə olunub. İştirakçılar Ermənistan səfirliyinin binası qarşısında Zəhranın şəkilləri və qatil Sarkisyan yazılmış plakatlar tutaraq, Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndiriblər.
Aksiyada çıxış edənlər Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün qəti tədbirlər görməsini tələb ediblər.
Gülnaz Qənbərli
Gununsesi.info