ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar Azərbaycana qiymətləndirmə missiyası göndərəcək, missiyanın hesabatı gələn həftə dərc ediləcək.
Gununsesi.org xəbər verir ki, bu barədə ATƏT DTİHB-nin mətbuat xidməti məlumat verib.
“Demokratik Təsisatlar və İnsan Haqları Bürosu qarşıdan gələn parlament seçkilərini müşahidə etmək üçün Azərbaycan hökumətindən rəsmi dəvət alıb.
Həmişə olduğu kimi, belə dəvətdən sonra DTİHB seçki mühitini qiymətləndirmək və qarşıdakı seçkilərə hazırlıq üçün qiymətləndirmə missiyası göndərir”.
Məlumata görə, gələn həftə dərc edilməli olan qiymətləndirmə missiyasının hesabatında seçkiləri müşahidə missiyasının yaradılıb-yaradılmaması, yaradılacağı təqdirdə onun tərkibinin neçə nəfərdən ibarət olması ilə bağlı tövsiyələr veriləcək.