ATƏT rəhbərsiz qaldı - AZƏRBAYCAN VƏ TÜRKİYƏNİN NOTASINA GÖRƏ

 

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Daimi Şurasının Vyanadakı mənzil-qərargahında növbəti üç il müddətinə ATƏT-in baş katibi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru, ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı məsələləri üzrə nümayəndəsi və milli azlıqların işləri üzrə ali komissar vəzifəsinin təsdiq edilməsi barədə konsensus əldə etmək mümkün olmayıb.

Gununsesi.org bu barədə “Turan”a istinadən bildirir.

Əvvəlki nəzərdən keçirmələrdən fərqli olaraq (dördü bir paketdə), hər bir namizəd ayrı-ayrılıqda nəzərdən keçirilib. Qızğın müzakirələrin nəticələrinə əsasən bütün yuxarıda qeyd olunan rəhbər postların vakant elan edilməsi qərara alınıb.

ATƏT-in fəaliyyətdə olan sədri Albaniya üzv ölkələrdən namizədlərin qəbulunu 18 sentyabr 2020-ci il tarixinədək açıq elan edib.

Məlum olduğu kimi, iyunun 11-də Azərbaycan ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Arlem Dezirin mandatının uzadılmasının əleyhinə nota göndərib və bununla da bütün dörd mövqe üzrə səlahiyyətlərin uzadılması barədə konsensusu pozub.

İyulun 10-da ATƏT-in Daimi Şurasının iclası zamanı Azərbaycan nümayəndəsi növbəti dəfə fransalı diplomat Arlem Dezirə qarşı öz ənənəvi hücumları ilə fərqlənib. Bu dəfə onu Tacikistan təmsilçisi dəstəkləyib, Dezirin fəaliyyətindən narazılığını ifadə edərək nota təqdim edib.

Tacikistan Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru İnqibyörq Solrun Gisladottirə qarşı da iddialar irəli sürüb. Müvafiq notanı Türkiyə də təqdim edib.

Amma Tacikistan və Türkiyə nümayəndələri iclasda, demək olar ki, çıxış etməyiblər və tənqid üçün meydanı Azərbaycana veriblər.

Konsensusun pozulmasına cavab olaraq Fransa, Kanada, Norveç, İslandiya və Ermənistan ATƏT-in baş katibi Tomas Qrimingerin və milli azlıqlar üzrə ali komissar Lamberto Zanyerin təsdiqlənməsindən imtina ediblər və öz qərarlarını bütün dörd mandatın eyni vaxtda uzadılmasının zəruriliyi ilə bağlı əsaslandırıblar.

4 rəhbər şəxsin hazırkı mandatı 18 iyul 2020-ci ildə bitir və bundan sonra onların heç biri öz vəzifələrini icra edə bilməyəcək ki, bu da ATƏT-in avtomatik olaraq başsız qalması demək olacaq.

Qeyd edək ki, müşahidəçilər Azərbaycan və Türkiyənin bu addımını ATƏT rəhbərliyinin hər iki ölkədə insan haqları, xüsusilə də medianın durumunu tənqid etməsi ilə əsaslandırıb.

Gununsesiş.org olaraq, bu mövzunu diqqətdə saxlamağa çalışacağıq.

Gununsesi.org