ATƏT Rusiyanın Ukraynaya hava hücumlarını qınadı

  • By admin
  • 03 Yanvar 2024 11:58

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) hazırkı sədri, Maltanın xarici işlər naziri Yan Borq və ATƏT-in baş katibi Helqa Şmid Rusiyanın Ukraynaya hava hücumlarını qınayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə onların birgə bəyanatında deyilir.

“Biz birlikdə bu hücumları qətiyyətlə pisləyirik və səfalət və iztirab dövrünü davam etdirməkdən başqa heç nə yaramayan amansız zorakılığa dərhal son qoymağa çağırırıq. Biz bu müharibəni dərhal dayandırmağa çağırırıq”, – deyə bəyanatda bildirilib.

Borq və Şmid qeyd ediblər ki, yeni il “əvvəlki il bitdiyi kimi, ölüm və dağıntıların mülki insanların həyatına son qoyması və həyati infrastrukturun məhv edilməsi ilə” başlayıb.

“Mülki sakinlər hər gün bu dəhşətli münaqişənin qurbanı olurlar. Onlar heç vaxt ölümcül pilotsuz təyyarələrin və raket hücumlarının qurbanı olmamalıdır”, – bəyanatda deyilir.

Yanvarın 2-də səhər saatlarında Rusiya Ukraynaya böyük raket zərbəsi endirib. Kiyevdə raket qalıqlarının düşməsi Peçerski, Obolonski, Qoloseyevski və Svyatoşinski rayonlarında qeydə alınıb.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib ki, ruslar Ukrayna ərazisinə 99 müxtəlif tipli raket atıb, onlardan 72-si məhv edilib.

Rusiyanın kütləvi raket hücumundan sonra xarici işlər naziri Dmitri Kuleba Qərb ölkələrindən reaksiya və qətiyyətli tədbirlər gözləyir.

Gununsesi.info