ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının (DTİHB SMM) Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb.
Gununsesi.info-nun xəbərinə görə, xatırladılır ki, prezident tərəfindən irəli sürülmüş və 2016-cı ildə referendumla qəbul olunmuş konstitusiya dəyişiklikləri ilə prezidentlik müddəti beş ildən yeddi ilə qədər artırılıb, prezidentə növbədənkənar prezident seçkisi təyin etmək və parlamenti buraxmaq hüququ verilib, birinci vitse-prezident və vitse-prezident vəzifələri müəyyən olunub və prezidentliyə namizədlər üçün minimum yaş həddi tələbi ləğv edilib.
“5 fevral 2018-ci ildə prezident 11 aprel tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsini bəyan edib. Hakimiyyət nümayəndələri DTİHB SMM-ə növbədənkənar seçkilərin 2025-ci ildə prezident və parlament seçkilərinin üst-üstə düşməməsi üçün zəruri olduğunu bildiriblər”.
Sənəddə qeyd edilir ki, DTİHB SMM-nin müsahibləri öz peşəkar fəaliyyətləri ilə əlaqədar olmayan səbəblərə görə hal-hazırda həbs cəzalarını çəkməkdə olan bir sıra jurnalist və bloqerlər ilə bağlı narahatlıqlarını ifadə edib.
“Bütün ölkəni əhatə edən 11 televiziya stansiyası Azərbaycanda siyasi məlumatların əsas mənbəyi olaraq qalmaqdadır, lakin çap mediasının dövriyyəsi azalmaqda davam edir. Ölkə əhalisinin təxminən 80 faizinin internetə çıxışı var. Bir çox DTİHB SMM-nin müsahibi ənənəvi mətbuatın müstəqilliyinə və qərəzsizliyinə etibar etmədiklərini ifadə edirək vebsayt və sosial medianın yeganə tənqidi məlumat mənbələri olduğunu iddia edib. Bununla belə, 2017-ci ilin mart ayından İnformasiya, İnformasiya Təminatı və İnformasiyanın Qorunması haqqında Qanuna edilmiş düzəlişlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə heç bir məhkəmə qərarı olmadan məzmunları səbəbindən mətbu nəşrlərin olduğu vebsaytları bloklamaq hüququ verir”.
DTİHB SMM qeyd edir ki, gündəlik siyasi məlumatlar təqdim edən bir çox vebsaytlara Bakıda və regionlarda ümumimiyyətlə daxil olmaq mümkün deyil.
Hesabatda deyilir ki, Mərkəzi Seçki Komissiyası (MSK) hamısı kişi olmaqla səkkiz namizədi qeydə alıb.
Sənəddə bildirilir ki, Azərbaycanda 2016-cı ildə keçirilmiş referendum ilə qəbul edilmiş konstitusiya düzəlişləri prezidentin səlahiyyətlərini daha da artırıb.
Missiya qeyd edir ki, rəsmi 22 günlük seçki kampaniyası müddəti 19 martdan başlayıb.
“Seçki kampaniyası hal-hazırda ümumiyyətlə zəif hiss olunur. Bir çox DTİHB Seçki Müşahidə Missiyasının müsahibi bildirib ki, onlar seçkilərin həqiqətən rəqabətli əsasda keçiriləcəyini gözləmirlər. Bir neçə müxalifət partiyası seçkiləri ya boykot etməyə çağırır, ya da seçkilərdə iştirak etmir”, sənəddə qeyd edilib.
DTİHB SMM-nin müsahibləri seçki administrasiyasının müstəqilliyini və qərəzsizliyini məhdudlaşdıra biləcək fikirlər səsləndirib.
“Seçki komissiyaları yaxşı təmin olunmuş və peşəkar təəssürat bağışlayır”.
Ölkədə 5.2 milyona yaxın qeydiyyata alınmış seçici var. Seçici siyahıları onlayn mövcuddur və həmçinin ictimai baxış üçün sərgilənib.
“Seçki rəsmilərinin göstərilmiş səylər nəticəsində dəqiq seçici siyahılarının hazırlandığını DTİHB SMM-a bildirdikləri halda, digər müsahiblər qeydiyyata alınmış seçicilərin sayı ilə səsvermə yaşında olan vətəndaşların sayı arasında böyük ziddiyyət olduğunu qeyd edir”, hesabatda bildirilir.
Sənəddə deyilir ki, namizədlər kampaniya ilə əlaqəli bütün əməliyyatların aparılması üçün bank hesabı açmalı və seçki prosesi müddətində MSK-ya üç maliyyə hesabatı təqdim etməlidirlər.
“24 mart tarixinə namizədlər tərəfindən təqdim olunmuş heç bir kampaniya maliyyə hesabatı MSK-nın vebsaytında yerləşdirilməyib”.
Sənəddə ifadə, mətbuat azadlığı və informasiya əldə etməklə bağlı bənddə qeyd edilir ki, diffamasiya və böhtan cinayət əməli olaraq qalır və bu, 2016-cı ildən etibarən onlayn məzmuna da tətbiq olunur.
“Prezidentin şərəf və ləyaqəti Cinayət Məcəlləsi və Konstitusiya ilə qorunur. Namizədlərə ayrılan pulsuz efir vaxtı əsasən ictimai yayım şirkəti tərəfindən yayımlanan debatlar üçün istifadə olunacaq. Bir çox DTİHB SMM müsahibləri ənənəvi mətbuatın qərəzsiz və müstəqil olmadığını qeyd edib”, hesabatda vurğulanır.
GUNUNSESİ.İNFO