Atəş və buzlaqlar ölkəsində - PƏRVİZ HƏŞİMLİNİN İSLANDİYA QEYDLƏRİ

  • By admin
  • 22 May 2023 12:45

 

Orta statistik azərbaycanlılar İslandiya haqqında danışanda ilk deyilən  “orada kişi qıtlığı var, island qızı ilə evlənənə və uşaq sahibi olana dövlət pul verir” fikirlərdir. 

Azərbaycandan çox uzaqlarda olan bu atəş və buzlaqlar ölkəsini görmək bəndənizə də qismət oldu.

Avropa Şurasına üzv ölkələrin hökumət və dövlət başçılarının İslandiya paytaxtı Reykyavikdə təşkil olunan sammiti  çərçivəsində  ən azı Amerika qədər maraqlı və cazibədar olan bu ölkə  haqqında təəssüratlarımı qələmə aldım. 

 

Qrenlandiya dənizi ilə Şimali Atlantik okeanı arasında yerləşən İslandiya  Böyük Britaniyanın şimal-qərbində yerləşir.  Uca dağ zirvələri və buz sahələri var, sahil xətti buzlaqlar tərəfindən oyulmuş dərin girişlərə malikdir.

Reykyavikə səfər üçün 3 təyyarə dəyişməli oldum və hər birində orta hesabla üç saat yarım uçdum.

Ancaq bu möcuzələr ölkəsini görmək üçün o yorğunluğu yaşamağa dəyər.

İslandiya  dünyanın ən yüksək həyat standartlarından birinə sahib ölkədir. Onun vətəndaşları da bu səbəbdən dünyanın  ən uzun ömür müddətinə malikdirlər.

Heç bir ölkə ilə quru sərhədi olmayan İslandiyanı  yalnız Danimarka ilə su üzərində körpü bağlayır.

İslandiya dünyanın ən savadlı cəmiyyətlərindən birinə malikdir.

Dövlətin vətəndaşlar üçün yaratdığı yüksək həyatı standartı nəticəsində bu ölkədə  cinayət və ya korrupsiya yox səviyyəsindədir.

Reykyavikdə olarkən island qızları ilə evlənən kişilərə bu ölkənin dövləti tərəfindən pul verilməsi barədə deyilənlərlə maraqlandım və məlum oldu ki, bu xəbər dünyanın dörd bir yanında yayılıb. Məhz buna görə də İslandiyanın Xarici İşlər Nazirliyi bu fake məlumatı təkzib edən ayrıca bəyanat da yayıb.

Ona görə də havayı pul üçün İslandiyaya getmək arzusunda olanlar bu istəyindən vaz keçməlidir.

Düzdür,  əhalinin təbii artım tempi (ölənlərin üzərində doğulanların sayı) hər il nisbətən aşağı  faiz təşkil edir. Ancaq əmək üçün tələbat miqrantlar hesabına asanlıqla  balanslaşdırılmışdır. Son onilliklər ərzində ölkədə əhalinin sayında çox yavaş artım müşahidə olunub.

İslandiya xalqı üçün dövlət  əla tibbi xidmət,  yaxşı təhsil və yaxşı gəlir təşkil edib.  Bu şərtlər altında insanların çoxu uzun, sağlam və məhsuldar ömür sürə bilər. İslandiyalılar doğulanda orta hesabla 80 il yaşaya bilər. Qadınlar orta hesabla 82, kişilər isə 78 yaşa qədər yaşayırlar.

 

TURISTLƏR ÜÇÜN BAHALI ÖLKƏDİR

İslandiya turistlər üçün çox bahalı ölkə hesab olunur. Məsələn Almaniyada, Fransada bir nəfər üçün nahar və yanında pivə 20 avroya başa gəlirsə, İslandiyada bu rəqəm 40-45 avro təşkil edir.

Yəni ki, İslandiyada 5 günlük istirahəti vəsaiti ilə  Almaniyada, Fransada 15 günlük istirahət etmək mümkündür.

Səbəblər isə demək olar ki, bütün tərəvəz məhsullarının kənardan gətirilməsidir.

İslandiya prezidenti Qvyudni Youhannessonla

 

Reykavyik sammitində İslandiya Prezidenti cənab Qvyudni Youhannessonla 3-4 dəqiqəlik söhbətim oldu.

“Ölkəniz gözəldir, amma həyat çox bahalıdır” sözlərimə Prezident “Özü də çox bahalıdır, çünki, biz okeanın ortasında yaşayırıq” deyə cavab verdi.

Ancaq İslandiya vətəndaşları bu bahalığın əziyyətini çəkmir. Yuxarıda dediyim kimi yüksək gəlirə sahibdirlər.

 

İslandiyaya səfər edənlər daha çox Şimal işıqlarını təqib etmək istəyir. Şimal İşıqları turuna gedənlər uzun zaman onun təsirindən çıxmır.

İslandiyanın atəşlər ölkəsi olması isə adalarda insani vahiməyə salan vulkanların olmasıdır.

Bu ərazilərə baş çəkmək üçün daha çox vəsait tələb olunur.  Çünki, vulkanları görmək, lavanın necə axdığını müşahidə eləmək üçün helikopter kirayələmək vacib şərtdir.

Dərin yarıqlardan püskürən partlayıcı geyzerlər soyuq havada  qaynar su fəvvarələri açır.

 

Turistlər üçün İslandiya sularında  balinaları seyr etmək şansı da olur.Bu ölkəyə turist axınına səbəblərdən biri də balinaları görmək istəyidir.

MİN İLDİR Kİ , DİLLƏRİNİ DƏ TƏKMİLLƏŞDİRMƏYİBLƏR

 

İslandiya həm də dünyanın ən qədim dili olan ölkəsidir. Burada yüz illərdir ki, danışıqda hər hansı bir yenilik olmayıb. İsland dili ölkənin rəsmi dilidir, lakin vətəndaşların əksəriyyəti çoxdillidir, iki və ya daha çox dildə danışır. Məktəblərdə həm Danimarka, həm də İngilis dilləri öyrədilir və geniş şəkildə danışılır və başa düşülür. Bir çox insanlar Norveç və ya digər Avropa dillərində də danışırlar.

İslandiya adalıların Skandinaviya əcdadlarının danışdığı dillə praktiki olaraq eyni dildir və 1000 ildən çox əvvəl vikinqlərin danışdığı dildən demək olar ki, dəyişməzdir. Zaman keçdikcə hər bir Skandinaviya ölkəsi  – Norveç, İsveç və Danimarka  dillərini inkişaf etdirib.

Lakin İslandiya əsrlər boyu demək olar ki, dəyişməz qalan qədim dili saxlayıb.  Bu, əslində ən qədim müasir Avropa dilidir.

 

İslandiyada rəqabətli siyasi mühit

 

İslandiya demokratiyası ilə dünyanın ən öndə gedən dövlətlərindən biridir Bu ölkədə bütün hüquqlar tanınır və təminat verilir.

İslandiyada çoxpartiyalı sistem mövcuddur. Hökumət üzərində ictimai nəzarət o qədər güclüdür ki, korrupsiya haqqında düşünmək belə istəmirlər.

Bu ölkədə hətta LGTB təmsilçiəri ilə yüksək vəzifəyə və parlamentə seçilə bilir.

Qeyd edim ki, İslandiyanın 2009-cu ildə seçilən baş naziri gey olub.

 

ORDUSU YOXDUR, AMMA NATO ÜZVÜDÜR!

 

Onu da öyrəndim ki, dünyanın ən təhlükəsiz ölkəsi olan İslandiyanın ordusu yoxdur. Kiçik bir sahil mühafizəsi istisna olmaqla, İslandiyanın hərbi qüvvələri yoxdur. Ancaq NATO üzvüdür.

İslandiyanın müdafiəsi üçün məsuliyyəti öz üzərinə götürən isə Amerika Birləşmiş Ştatlarıdır. ABŞ  NATO-nun himayəsi altında Keflavik Beynəlxalq Hava Limanında hərbi dəniz hava stansiyası saxlayır.

İslandiyada polis olsa da ancaq silah gəzdirmir. Silahlı polisi ancaq hansısa böyük dövlətlərarası tədbirlərin mühafizəsi zamanı görmək olar.

 

ÇAP NƏŞRLƏR HƏLƏ DƏ AKTUALDIR

Okeanın ortasında olan bu ölkədə internetin sürətini yoxlamaq mənə maraqlı gəldi.

Təsəvvür edirsinizmi, Reykyavikdə internetin sürəti 864 Mbps-ə çatdığının şahidi oldum.

Jurnalist olduğumdan İslandiyanın azad mediası ilə maraqlanmaya bilməzdim.

Yüksək sürətli internetin olduğu bu ölkədə çap nəşr öndə gedir.  İnsanlar abunəçisi olduqları qəzetləri hər gün səhər yeməyində oxumalıdır.

Ölkədə kitab çapı da aktuallığını itirməyib. İdman, səyahətlə yanaşı kitabı gündəlik həyatlarına daxil edən islandlar  beləcə dünyanın ən uzun ömürlü insanları kimi həyatlarına davam edir.

Pərviz Həşimli

Bakı-Reykyavik-Bakı