ATƏT-in Media azadlığı üzrə xüsusi nümayəndəsi Baş Prokurorluqda olub

  • By admin
  • 25 Aprel 2022 18:59

 

Azərbaycanın Baş prokuroru Kamran Əliyev ölkəmizdə səfərdə olan ATƏT-in Media azadlığı üzrə Nümayəndəsi Tereza Ribeyro ilə görüşüb.

Bu barədə Gununsesi.info-ya adıçəkilən qurumdan bildirilib.

Məlumata görə, qnaqları səmimi salamlayan Baş prokuror Azərbaycanın ATƏT və onun institutları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu qarşılıqlı münasibətlərin dövlətimizin Avropa ilə inteqrasiya prosesində mühüm rol oynadığını bildirmişdir.

Kamran Əliyev ölkəmizdə söz və mətbuat azadlığının bütün demokratik prinsiplərə cavab verdiyini vurğulayaraq, bu sahədə müsbət nailiyyətlərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olması, müasir dövrdə isə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə söz və mətbuat azadlıqlarının inkişafı istiqamətində həyata keçirilən siyasət nəticəsində əldə olunduğunu qeyd etmişdir.

Baş Prokuror ölkəmizdə prokurorluq orqanlarının sosial media siyasətini tənzimləyən sənədlər haqqında Tereza Ribeyroya geniş məlumat verərək prokurorluq orqanlarının insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti, qanunçuluq, hər kəsin qanun qarşısında bərabərliyi, fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarına əməl və hörmət edilməsi, qərəzsizlik, siyasi bitərəflik prinsiplərinin rəhbər tutmasını vurğulamışdır.

Kamran Əliyev, həmçinin Baş Prokurorluq tərəfindən KİV-lərin nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq təşkil olunan görüş və brifinqlər barədə qonağa ətraflı məlumat vermişdir.

Səmimi qəbula görə təşəkkürünü bildirən Tereza Ribeyro ikitərəfli münasibətlərə toxunaraq ATƏT-in Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə və bütün sahələrdə müvəffəqiyyətlə inkişaf etdiyini bildirmişdir.Tereza Ribeyro Azərbaycan hökumətinin demokratiyanın möhkəmləndirilməsi, xüsusilə də söz və mətbuat azadlıqlarının istiqamətində atdığı addımların təqdirəlayiq olduğunu vurğulamış və gələcəkdə ATƏT-in Media azadlığı üzrə Nümayəndəliyi tərəfindən azərbaycanlı jurnalistlər və müxtəlif qurumların mətbuat xidməti ilə əlaqəli sahədə çalışan əməkdaşları üçün təlimlərin keçiriləcəyini qeyd etmişdir.

Gununsesi.info