Özünü cəmiyyətdə bloger kimi tanıdan şantajçı Ata Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.
Gununsesi.info xəbər verir ki, dekabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda məlum olub ki, Ata Abdullayev 2004-cü ildə Nəsimi rayon Məhkəməsi tərəfindən hərbi xidmətdən yayındığına görə məhkum edilib. 2014-cü ildə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə oğurluq və kompüter sisteminə qanunsuz daxil olmada təqsirli bilinib. Bank kartlarından onlayn qaydada pul çəkdiyinə görə MTN əməkdaşları tərəfindən həbs edilib və məhkəmədə 7 il şərti cəza alıb.
Ata Abdullayev çıxışında deyib ki, onun zərərçəkmiş kimi tanınan adamlardan pul tələb etməyinə dair fakt yoxdur: “Mən heç kimi hədələməmişəm. Tapançanı televizorda görmüşəm. Fakt ortaya qoyulsa ki, mən deyildiyi kimi Elmar Əliyevdən hədə-qorxu ilə telefon almışam, evimi satıb 100 min ödəməyə hazıram.Ortaya sübut qoyulsun, bir telefon əvəzinə dördünü qaytarım”.
Prokuror deyib ki, Abdullayev müxtəlif şəxslərdən, o cümlədən Masazır qəsəbəsi üzrə icra nümayəndəsi Şahlar Həsənov, Gənclər və İdman Nazirliyinin nəzdindəki “Formula-1” Tədbir Əməliyyat Komitəsinin baş mühasibi Elmar Əliyev, DTX-nın keçmiş əməkdaşı, hazırda bina tikintisiylə məşğul olan Elçin Əliyev və sahibkar Cəmil Babayevdən hədə-qorxu ilə pul tələb edib.
Son nəticədə Elmar Əliyevdən “iPhone 11Pro Max” telefonu alıb.
Məhkəmədə o da məlum olub ki, yaşadığı ərazi üzrə Mənzil Kommunal İstismar Sahəsinin rəisi Abdullayev haqqında mənfi xasiyyətnamə verib. Onu özündənrazı, daim qonşularla münaqişədə olan biri kimi təsvir edib.
Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Dövlət ittihamçısı Ata Abdullayevin Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4 maddələri ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilməsini təklif edib.
Proses dekabrın 28-də davam etdiriləcək.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs olunan Ata Abdullayevin cinayət işi üzrə 4 zərərçəkmiş var. Bloger onlardan hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilir.
Gununsesi.info