Atanıza görə evimi yandırdılar - Hüseyn Abdullayev həbsdən İlham Əliyevə məktub yazıb

  • By admin
  • 12 Avqust 2022 12:06

Hazırda həbsdə olan tanınmış iş adamı Hüseyn Abdullayev prezident İlham Əliyevə məktub yazıb.

Vəkil Rəsul Cəfərovun redaksiyamıza təqdim etdiyi məktubu təqdim edirik:

Prezident,

​Siz beynəlxalq əlaqələrə ciddi önəm verir, hər zaman çalışırsınız ki, Azərbaycan bütün beynəlxalq təşkilatların ən etibarlı tərəfdaşı olsun. Təəssüf ki, bəzi hakimiyyətdən uzaqlaşdırılmış qüvvələr bu siyasətinizə zidd gedir və ölkəmizin nüfuzuna böyük xələl gətirir. Çünki, həm Almaniya, həm də Azərbaycan ictimaiyyətinə məlumdur ki, mən Türkiyə Respublikasında saxlanılmış və zorla Azərbaycana gətirilərək saxta ittihamlarla həbs edilmişəm. Birləşmiş Milllətlər Təşkilatının Qanunsuz həbslərlə bağlı İşçi Qrupu da bu həbsin qanunsuz olduğunu bildirmiş və beynəlxalq hüquqa zidd olduğundan azad edilməyimlə bağlı qərar çıxarmışdır.

Lakin uzun illərdir haqqımda sizə yalan və birmənalı olaraq böhtan xarakterli məlumatlar vermiş şəxslər həmin qərarı icra etməmişlər və mənə olan ədavətlərini davam etdirmişlər. Bu şəxslər hətta Azərbaycan Respublikasının öz qanunlarına belə məhəl qoymayıblar. Belə ki, barəmdə çıxarılan məhkəmə hökmünün tam qanunsuz olmasına baxmayaraq verilmiş cəzanın üçdə iki hissəsi keçmiş və mən artıq ölkə qanunvericiliyinə əsasən də azad edilə bilərəm. Amma əsl haqqımın bəraət olduğu halda bu hüququmun belə təmin edilməsi yuxarıda qeyd etdiyim şəxslərin qanunsuz fəaliyyəti nəticəsində süni şəkildə yubadılmışdır.

Beşinci ildir ki, həbsdəyəm və heç bir konkret dəlil göstərilmədən burada saxlanılmaqdayam. Məhz bunun nəticəsidir ki, səhhətimdə çox ciddi fəsadlar yaranıb və hər gün ən ağır mənəvi işgəncəyə məruz qalmaqdayam.

Hörmətli cənab Prezident,

​Bilirəm ki, mənə verilən əzabdan və misli görünməmiş iztirablardan xəbəriniz yoxdur və heç vaxt da bunu istəməzsiniz. Çünki, Siz özünüz şahidsiniz ki, mən bu dövlətin təməlini bərkidən və mərhum atanızın ən güvəndiyi ilk və əsas silahdaşlarından biri olmuşam. Hətta mən hələ Naxçıvanda yaşayarkən atanızın müdafiəsinə qalxdığım üçün 1991-1992-ci illərdə silahlı basqınlara məruz qalmış və Culfa şəhərində ailəmlə yaşadığım ev od vurularaq yandırlmışdır.

Hörmətli cənab Prezident,

​Allah şahiddir ki, mən və yaşlı anam bu cür zülmü və 2007-ci ildən davam edən təqibi haqq etməmişik. Siz əmin olun ki, mənim heç bir siyasi ambisiyam yoxdur və ölkəmizə qarşı düşmən mövqedən çıxış edən heç bir qüvvə və ya qruplarla əlaqəm olmayıb, ola da bilməz. Barəmdə iddia edilən məlumatlar tamamilə ağ yalan və düşünülmüş şər-böhtandır. Bu səbəbdən də Sizə müraciət edir və inanıram ki, bütün bu zorakılıqların qarşısını alacaqsınız və öz zəruri göstərişinizlə Azərbaycanın hüquqi dövlət olduğunu bir daha təsdiq edəcəksiniz.

​Hörmətlə,

Abdullayev Hüseyn Abbas oğlu