Jurnalist atasının ölümünə görə 166 minlik iddianın təmin olunmasında israrlıdır

Jurnalist atasının ölümünə görə 166 minlik iddianın təmin olunmasında israrlıdır

 

 

Jurnalist İmdad Əlizadə atasının ölümü ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) işçisi Seymur Qarayevə qarşı 166 min 531 manatlıq mülki iddia qaldırmışdı. Nərimanov Rayon Məhkəməsi bu məbləğin yalnız 23 min manatlıq hissəsini təmin edib.

Gununsesi.info xəbər verir ki, jurnalist həm mülki iddiasının tam təmin olunması, həmçinin atasının ölümü ilə əlaqədar S.Qarayeva verilmiş 4 il 11 ay 28 günlük (məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməklə) cəzanın ağırlaşdırılması üçün hökmdən apellyasiya şikayəti verib.

Jurnalistin atasının ölümünə səbəb olmuş hadisə 2016-cı il fevralın 14-də baş verib. Seymur Qarayevin idarə etdiyi “GAC” markalı 99-AD-434 qeydiyyat nişanlı avtomobil paytaxtın Ziya Bünyadov prospektində yolu keçmək istəyən Laçın rayonunun Oğuldərə kənd sakini, Qarabağ müharibəsi veteranı Əli Əliyevi və Neftçala rayon sakini Ələsgər Talıbovu vurub.

Ə.Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə “Avrasiya Hospital”ında müalicə alıb. Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 1 il 4 ay 18 gün komada qalan Ə.Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.

Nərimanov rayon Məhkəməsində bu işə baxılarkən S.Qarayev özünü təqsirli bilsə də, mülki iddianı qəbul etməyib. Deyib ki, hadisənin qarşısını almaq üçün çalışıb, lakin avtomobili saxlaya bilməyib. Zərərçəkmişlərə də imkan daxilində yardım göstərib.

Jurnalist İ.Əlizadə iddia edir ki, qəzadan sonra atasının müalicəsi üçün 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) 4 min 700, Mərkəzi Klinik Xəstəxanada 67 min 881, “Avrasiya” Hospitalda 59 min 50, Bakı Sağlamlıq Mərkəzində 5 min 900 manat, dəfn və yas mərasimlərinə 14 min manat xərclənib. “Avrasiya” hospitalına 11 min 270 manat da borclu qalıblar.

Bu işə hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılır. Fevralın 19-da keçirilən məhkəmədə təqsirləndirilən şəxsin və zərərçəkmişin hüquqi varisinin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş İ.Əlizadənin vəkili Abil Bayramov apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, əlavə sübutların araşdırılması və s.) baxılmasını istəyib. Vəsatət təmin edilməyib.

Məhkəmə baxışı martın 1-nə təyin olunub.

Gülər

COMMENTS