Atatürkü ağladan kişi və ya Ankara təəssüratlarım – LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 10 İyun 2022 10:45

 

 

Ankara, Ankara

Ey iyi kalpli üvey ana!

Ankaraya-” İnciler dök, gel yoluna” adlı konsertə dəvət alınca ağlımdan ilk keçən şeir  Cemal Süreyadan oldu. Ankaranı bəlkə də ondan da çox  gözəl tərənnüm edənlər var, amma mən nədənsə  Cemal Süreyanı yadımda saxlamışam.

”Şair arkadaş

Bir derdin mi var,

Bir şeyler çıkarmak mı istiyorsun derdinden?

Ankara’ya gelmelisin.”

Gəlirik, arkadaş.  Bu “iyi kalpli üvey ana “bizim dost-doğma Əhməd Cavadımıza 130 ilin  yubiley tədbirini keçirir.

 

Həmkarım, dostum Pərviz Həşimlinin “Əhməd Cavad ailəsi səni də orada görmək istəyir” deyə dəvətini məmnunluqla qəbul etdim.

Ankara sinəsində geniş bir prospekt açıb,  heykəl ucaldıb,   Cumhurbaşkanlığı Senfoni Orkestrasını dim-dik  ayağa qaldırıb.

Əhməd Cavada hörmətdəndirmi?

Şübhəsiz! Hörmətdəndir!

Çünki,  Əhməd Cavad türk xalqlarının dərdiylə  dərdlənən, sevinci ilə sevinən bir şair olub. Ədəbiyyata romantik şair kimi gəlsə də, həyatda realist olmağı bacarıb.  Osmanlı Türkiyəsinə qarşı 1912-1913-cü illərdə baş verən Balkan müharibəsində  Qafqaz könüllü dəstəsinin sıralarında  Türkiyə tərəfindən əməliyyatlara qoşulub.  Bunu Türkiyənin sadə bir vətəndaşı bilməyə bilər. Amma Əhməd Cavadın  türk aşiqi olduğunu və bunu  şeirlərinin hər sətirində anlatmağa çalışdığını hər kəs bilir. Təkcə, “Çırpınırdın, Qara dəniz” şeir-şərqisini  xatırlatmaq kifayətdir.  Məlumatlara görə, birinci Dünya müharibəsində admiral Rauf Orbay öz ixtiyarındakı “Həmidiyyə” zirehli gəmisi ilə gecə Odessa limanına girib,  rusların dəniz qoşunlarının Osmanlı donanmasını vurmağa hazırlaşdıqları “Kazbek” və “Kaqul” adlı hərbi gəmilərini qeyri-bərabər döyüşdə məhv edərək suda batırıb, Odessa limanını bombardman edib.  Əhməd Cavad da bu hadisədən təsirlənərək  1914-cü ildə bu şeiri yazıb.  Qafqaz İslam ordusunun  Bakını işğaldan azad etməsindən sonra isə Üzeyir bəylə Əhməd Cavadın heyrətamiz layihəsi ortaya çıxıb.  Deyirlər ki, hər dəfə bu şərqini dinləyəndə  Atatürkün gözləri yaşarırmış.

İndi  Atatürkün gözlərini yaşardan kişinin yubiley tədbirində məhz bu haqda düşünürdüm.  Tədbir  Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi , Türksoy  və TRT-nin birgə təşkilatçığı ilə həyata keçirilirdi. Əvvəlcə Əhməd Cavadın adını daşıyan küçənin açılışı oldu. Ankara Etimesqut bələdiyyəsinin başqanı Ənvər Dəmirəlin  çıxışından çox təsirləndim.  Dedi ki, dünən gecə ən yaxın adamımı -köməkçimi itirmişəm. Cənazəsi dəfn edilmək üçün bizi gözləyir, amma Əhməd Cavadın yubiley tədbirini lazımi səviyyədə həyata keçirəcək, sonra mərhumu dəfn edəcəyik. Həqiqətən də, çox mükəmməl biriymiş bu başqan! Açılışdan sonra Türkiyə tarix Muzeyi Parkında keçirilən rəsmi  tədbirdə də o  nə spikerliyindən, nə də zarafatlarından qaldı.

Tədbiri elə yüksək səviyyədə apardı, mükafatları elə özünəməxsus təqdim  etdi ki, hətta bir an cənazə törənini unutduğunu zənn etdim…

Tədbirdə isə çoxlu maraqlı simalar vardı. Ənvər Paşanın nəvəsi Arzu xanımdan tutmuş TÜRKSOYun baş katibi Sultan Rayevə qədər.

” Əhməd Cavad bütün Türk dünyası üçün sayılıb-seçilən şəxsiyyət, hünər rəmzi, əsərləri və ideyaları ilə dövrünün ən parlaq ədəbi-alim adamlarından biridir. Onun ürəkdən gələn həssaslığı Azərbaycan Dövlət Himninə həyat verib, onu əbədiləşdirib. Əhməd Cavad bu gün də müstəqilliklə xatırlanır.” Sultan Rayev nitqini də Əhməd Cavadın misraları ilə bitirdi:

Mən Türk övladıyam

Dərin əqlim, zəkam var!

Çıxış edənlərin hər biri də elə ağıl və zəka sahibləri idi. Heyrət içində hər birini dinləyirdim. Hərdən, özümüzə acıyırdım da, yazığım da gəlirdi. Bu, bizim himnimizin müəllifidir, bu  üçrəngli bayrağı şeirlərində yaşadan Əhməd Cavaddır, o, buna görə həbsə atılıb,güllələnib, evi yıxılıb, tifaqı dağılıb. Onun yazdığı bir şeir  zamanında Atatürkü, bu gün bütün Türkiyəni heyran qoyub. Amma biz dövlətimizin əsas atributlarından birinin müəllifinə heyran ola bilmirik…


Bələdiyyə başqanının  yüksək səslə mənim adımı çəkdiyni zənn etdim. Bəli, yanılmamışdım. Səhnəyə dəvət edirdi məni. Adımı belə unutdim sanki. Başqan Əhməd Cavad mükafatını təqdim edəndə udqundum. Beynimdən ildırım sürətilə bir fikir keçdi. Mən Əhməd Cavad üçün nə etmişəm? Cavabım hazır idi: Heç nə! Dərhal da özümə təsəlli verdim. Bu, mənim tarixə verdiyim dəyərə görədir.  Əhməd Cavad sevgimə görədir. Himnimə sevgimə görədir. Cümhuriyyət dövründən bəhs edən onlarla filmin müəllifi olsam da, 100 illikdə təltifləri başqaları aldı. Bu, mənim filmlərimin mükafatıdır. Nə olsun, Əhməd Cavad haqqında filmi çəkə bilmədim. İnşallah, çəkəcəm.

Bələdiyyə başqanından icazə alıb bir-iki kəlmə söz də dedim. Təbii ki, beynimdən keçənləri yox, ürəyimdən keçənləri:  Əhməd Cavad bizdən çox sizin şairinizdir dedim. Kim nə cür başa düşdü bilmirəm. Amma  görünür pis danışmamışdım. Tədbir bitəndə iki xanım yaxınlaşdı mənə; siz nasıl da tatlı konuşdunuz- dedi. Sevindim. Kaş Əhməd Cavadın da ruhu sevinəydi.

Axşam isə zövqlə təşkil olunmuş bir konsert proqramına qatıldıq.

Aman Allah! Bu nə mədəniyyət?! Bu nə istedad?! Bu nə zövq?!

Türkiyənin  Cümhurbaşqanlığı Senfoni Orkestrası, dirijor Mustafa Mehmandarov  və solistlər səhnədə elə bir fırtına qopardılar ki, sözlə ifadəsində acizəm. Yeri gəlmişkən, Mustafa Mehmandarov Azərbaycanın ordu generalı Səməd bəy Mehmandarovun nəslindəndir. Elə bəylərə məxsus bir aristokratlıq da var bu cavan oğlanın rəftar və davranışlarında. Bir də xüsusi istedadı. O gələcəyin Niyazisidir, bəlkə Nİyazidən də uğurlu maestro olacaq. Hər halda, Mustafanın səhnə performansını izlədikcə beynimdən yüz cür fikir keçdi. Həm də bilirsiz nə? Zaman keçsə də aktuallığını itirməyən atalar və oğullar  məsələsi. Tarix təkrar olunur. 1918-ci il müstəqil Azərbaycanı quran kişilərin övladları bu gün də çiyin-çiyinədir. Mustafa Mehmandarovla Əhməd Cavadın nəvəsi Anar Axundzadə kimi.

Ankara səfərimdən danışarkən bəhs etməli olduğum bir adam  daha var. Nicat Quliyev. Mən elə zənn etdim ki,  Əhməd Cavadın nəvəsi  o adamdır.  Əslində o, şairin nəvəsi Vüsalə xanımın həyat yoldaşıdır.

Dostu Pərviz Həşimli onun haqqında danışmışdı. Yüksək intelektə, dərin savada malik olan Nicat Quliyev Heydər Əliyev hökumətində xarici iqtisadi əlaqələr naziri postunu tutub.

İndi Ankarada yaşayır.

O, Əhməd Cavadı hər kəsdən fərqli sevir. Bəlkə elə özündən də çox. Mənə elə gəldi ki, məhz bu sevgiyə görə, Nicat Quliyev dövlətin vəzifəsini öz üzərinə götürüb.
130 yaşlı Əhməd Cavadın, məzarsız Əhməd Cavadın sür-sümüyü sızıldamasın deyə.

Onun bu sahədə yorulmaz fəaliyyətinin nəticəsidir ki, ailə onu özünün mənəvi lideri seçib.

Türk mediasında da Nicat Quliyev “eski bakan” və “Ahmet Cavat ailesinin büyüyü” təqdim olunur.

Bunu heç yerdə ifadə eləməsə də, hiss etdirməsə də Pərvizdən  bunu duyduğumda həm də onun nə qədər təvazökar insan olduğunun şahidi oldum.

 

Ləman Ələşrəfqızı

Bakı-Ankara-Bakı