Atletimiz Avropa rekordunu yenilədi - FOTO

  • By admin
  • 28 Sentyabr 2017 11:12

02

Kosovonun paytaxtı Priştina şəhərində 22-30 sentyabr tarixlərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi davam edir.  

Gənclər və İdman Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizəyə qoşulacaq. Onların arasında bizim yığmanın da üzvləri var.

Bu gün onlardan daha biri – Tarmenxan Babayev körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan oğlan atletlərin 85 kq çəki dərəcəsindəki yarışına qatılıb.

Tarmenxan birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirərək sonda 130 kq-ı ram etdi və ən yaxın izləyicisi olan bolqar Stefço Xristovu 15 kq qabaqlayaraq bu hərəkətdə 1-ci olub.

Babayev təkanla qaldırma hərəkətində daha möhtəşəm çıxış etdi. O, ilk yanaşmasında 150 kq-ı ram etdi. Bu, macar atlet Adrian Terebesinin bu ilin aprelində Tailandın Banqkok şəhərində keçirilən yeniyetmələrin dünya birinciliyində müəyyən etdiyi Avropa rekordunun (146 kq) düz 4 kq yenilənməsi demək idi. Babayev eyni zamanda yunan atlet Evangelios Qaliatsatosun 2015-ci ildə İsveçin Landskrona şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyində bu çəkidə toplamda müəyyən etdiyi Avropa rekordunu (276 kq) yeniləmiş oldu.

Atletimiz ikinci yanaşmasında 155 kq-ı qaldıraraq həm bu hərəkətdə, həm də toplamda daha 2 rekord yenilədi. Sonuncu yanaşmasında 161 kq-ın da öhdəsindən gələn Tarmenxan, rekordlarının üstünə ikisini də əlavə etdi.

Anar

Gununsesi.info