ATU-dan tələbələrə QEYRİ-ADİ QADAĞA: Bunu görməzdən gələ bilmərik...

  • By admin
  • 08 İyun 2022 10:25

“İctimai qaydalara uyğun olaraq, Əsaslı kitabxanaya qısa şalvarda (şortikdə), maykada gəlmək qəti qadağandır”.

Gununsesi.info xəbər verir ki, bu elan Azərbaycan Tibb Universitetinin (ATU) kitabxanasının girişində yerləşdirilib.

Sözügedən elan sosial şəbəkə istifadəçiləri, xüsusilə də gənclər tərəfindən birmənalı qarşılanmayıb.

Onlar “Başımızı da örtüb gələk”, “Tibb Universitetinin kitabxanası “qısa şalvara” önəm verdiyi qədər kitablarına da önəm verərdi”, “Verdikləri təhsildən utanmırlar, şortik-maykadan utanırlar”, “Ümid edirik, bu qadağaya uyğun içəridə fasiləsiz işləyən kondisioner var”, “Şortikdə oxunan kitab beyinə yerləşmir?”, “Belə məsələlərə baş yormaqdansa, təhsil sistemini düzəldin” və s. tipli qınaq kontekstli rəylər yazıblar, ATU-ya xarici universitetləri nümunə göstəriblər. Bununla yanaşı, bu addımı müsbət qiymətləndirənlər də var.

Məsələ ilə bağlı ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova Publika.az-a bildirib ki, burada heç bir qeyri-adi hal yoxdur və bu, cəmiyyətin etik qaydalarına dəvətdir: “Hətta ictimai yerlərdə belə geyim qaydalarına uyğun olan normativlər var. Bura da təhsil müəssisəsidir, daxili nizam-intizam qaydalarımız var. Bu qaydalara uyğun olaraq müəyyən məsələlərin tənzimlənməsi normal haldır. Biz bu məsələyə də tələbələrin dərsə davamiyyəti kimi baxırıq. Dünyanın ən demokratik hesab olunan dövlətlərində belə ictimai məkanlarda, iş yerlərində, o cümlədən də təhsil müəssisələrində müəyyən dres-kodlara əməl olunur, normativlər var. Belə bir məşhur söz var, “bir insanın azadlığı digərinin hüquqları başlayan yerə qədərdir”. Yəni kiminsə hansısa geyimi özü üçün məqbul hesab etməsi digərinin etirazı ilə normal yanaşma həddinə qədərdir. Bir tələbənin tərzinə digər tələbənin etirazı ola bilər, biz bir tələbə istədiyi kimi geyinsin deyə digərlərinin də mövqeyini görməzdən gələ bilmərik. Çünki bura bir təhsil müəssisəsidir”.

Gununsesi.info