Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasında 4 fevral – Ümumdünya Xərçənglə Mübarizə gününə həsr olunmuş tədbir keçirilib.
Gununsesi.info xəbər verir ki, klinikanın direktoru, akademik Əhliman Əmiraslanov bu günün təsis olunması səbəbindən və əsas mahiyyətindən söz açdı: “Ümumdünya Xərçəng Günü 2005-ci ildə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq (UICC) tərəfindən təsis edilib. Əsas məqsəd dünya ölkələrinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu və mübarizənin yalnız birlikdə aparıldıqda effektiv olmasını bir daha dünya ictimaiyyətinə xatırlatmaqdır”.
Akademik Ə.Əmiraslanov rəhbərlik etdiyi qurum – ATU-nun Onkoloji klinikasının yaranması tarixi, fəaliyyəti və burada aparılan əməliyyatlar haqqında da məlumat verdi. Onun sözlərinə görə, ATU-nun Onkoloji klinikası Nazirlər Kabinetinin qərarı ilə 2006-cı ildə yaradılıb, klinikanın açılışı 2007-ci ildə baş tutub. Klinikada 2 stasionar şöbə, gündüz stasionarı, poliklinika və diaqnostika şöbəsi, əməliyyat və anestezioloji şöbələri fəaliyyət göstərir: “Burada onkoloji xəstələri müayinə və müalicəsi aparılır, yüksək ixtisaslı həkimlər tərəfindən hər növ şiş əməliyyatları icra olunur”.
Mürtəza
Gununsesi.info