ATU-nun tələbələri külli miqdarda narkotiklə tutuldular -VİDEO

Azərbaycan Tibb Universiteti (ATU) tələbələrinin narkotiklə saxlanılması məsələsinə münasibət bildirib.

Bununla bağlı  ATU-nun Mətbuat xidmətinin rəhbəri Günel Aslanova danışıb.

“Təəssüf ki məlumatları oxuduq. Sözügedən şəxslər ATU-nun tələbələridir. Hazırda universitetlərdə qış imtahan sessiyaları ilə bağlı tələbələr olmur”.

“Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hələ ki universitetə yekun rəsmi məlumat daxil olmayıb. Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmanın yekun nəticəsinə uyğun olaraq ATU rəhbərliyi həmin tələbələr barədə universitetin daxili nizam-intizam qaydalarına müvafiq tədbirlər görəcəkdir”, – G.Aslanova qeyd edib.

17:36

Polis əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində ölkə ərazisində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan İran vətəndaşlarının təşkil etdiyi 4 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında baş tutan tədbir zamanı paytaxt ərazisində müvəqqəti yaşayan Tibb Universitetinin tələbələri olan, qeyd edilən ölkənin vətəndaşları Ata Maleki, qardaşı Pouya, həmçinin qohumu Ali Maleki və Shishen Maleki saxlanılıblar.

Onların üzərindən və birgə yaşadıqları evdən 1 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitələr, narkotiklərin satışından əldə etdikləri külli miqdarda pul vəsaiti və elektron tərəzilər aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq İran vətəndaşları ilə birlikdə narkotiklərin satışında əlbir olan Heybət Həsənov da tutularaq istintaqa təqdim edilib. Bu şəxsdən isə 2 kiloqramdan artıq marixuana və 4 ədəd çətənə kolu aşkar olunub.

İlkin sorğu zamanı dəstə üzvləri “Araz” və “Hüseyn” adlı şəxsiyyəti istintaqla araşdırılan həmvətənlərinin göstərişi ilə Bakı şəhəri və Respublikanın digər bölgələrində narkotik vasitələrin onlayn satışını, həmçinin qanunsuz dövriyyəsini təşkil etdikləri bildiriblər. Bu məqsədlə dəstə üzvləri narkoşəbəkə yaradaraq müxtəlif yalan və şirnikləndirici vədlər müqabilində əsasən gəncləri narkokuryerliyə cəlb etməyə çalışıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Ata, Pouya, Ali və Shishen Malekilər, eləcə də Heybət Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

17:29

Azərbaycan Tibb Universitetinin (ATU) İran vətəndaşları olan üç tələbəsi külli miqdarda narkotik vasitə ilə saxlanılıblar.

“Report”un əldə etdiyi məlumata görə, onlar ATU-nun Stomatologiya fakültəsinin ikinci kurs tələbələri olublar.

Hazırda faktla bağlı araşdırma aparılır.

Gununsesi.info