ATV-nin plagiatlığı barədə ekspert rəyləri: “Tərbiyəli, peşəkar olmaq istəyirsənsə, oyun qaydalarına əməl etməlisən” - MÜNASİBƏT

  • By admin
  • 24 İyun 2016 16:19

скачанные файлы

 

Ukraynanın “Novıy kanal” , Rusiyanın “Pyatnisa” kanallarının “Revizor” və “Revizorro” layihələrinin ATV kanalında lisenziyasız və plagiat həyata keçirilməsindən xəbər tutan müəlliflər bəyanatla çıxış ediblər. Gununsesi.info xəbər verir ki, kanal rəhbərliyi verdiyi açıqlamada ATV kanalının onların verilişini tamamilə köçürməkdə ittiham edib. Ukraynalı sahibkar ATV-nin bu hərəkətini “abırsızlıq” adlandırıb.

Layihənin müəllif hüquqlarına sahib olan “Novıy kanal” ATV-nin kompensasiya ödəməsi və verilişin yayımının dayandırılması tələbi ilə çıxış edəcəyini bəyan edib. Bəs, beynəlxalq telekanalların lisenziyalı layihələrini oğurluq həyata keçirmək qanunlarda necə tənzimlənir? Plagiatlıq edən televiziyaların bu əməli hüquqi müstəvidə müzakirə olunarsa, gözlənilən nəticə nələr ola bilər? Gununsesi.info ekspertlərinin bu məsələylə bağlı münasibətini öyrənib.

13536008_10206143115366518_2085320810_n Tanınmış jurnalist, teletənqidçi, professor Qulu Məhərrəmli hesab edir ki, beynəlxalq telekanalların lisenziyalı proqramları intellektual mülkiyyət sahibi olan layihə müəllifləri ilə qarşılıqlı razılaşma və müqavilə əsasında tənzimlənir: “Konkret ölkələrdə, məsələn, Azərbaycanda bu problem intellektual mülkiyyət və müəllif hüquqları haqqında qanunların predmeti kimi nəzərdən keçirilir. Hər hansı lisenziyalı veriliş formatının başqa telekanalda oğurluq olaraq yayımlanması yeni hadisə deyildir. 10-15 il əvvəl Avropada bununla bağlı tez-tez qalmaqallar olurdu. Belə halda cəza məsəsləsi, təbii ki, iddiaçının istəyinə uyğun müəyyənləşir və problem bir qayda olaraq “günahkarın” konkret məbləğdə cərimə olunması ilə həll olunur”-, deyə o bildirib.

 

13535815_10206143114006484_758097257_n Media eksperti Zeynal Məmmədli isə lisenziya məsələsinin SSRİ dağıldıqdan sonra postsovet ölkələrinin hamısında problem olduğunu vurğulayıb. O hesab edi ki, bu təkcə ATV kanalının problemi deyil: “Çox populyar verilişlərin lisenziyasını almaq heç də az məbləğə başa gəlmir. Üstəlik, burada müəllif və mülkiyyət hüquqlarıyla bağlı həmişə ortaya problemlər çıxır. İkinci tərəfdən isə, məsələnin başqa tərəfi də var. Bu layihə sahiblərinnin özlərinin beynəlxalq öhdəlikləri varmı? Burada çoxlu nüanslar var. Tərbiyəli, peşəkar olmaq istəyirsənsə, mövcud beynəlxalq oyun qaydaları var və ona buna əməl etməlisən. Buna əməl etmək üçünsə  istisnasız olaraq bizim bütün televiziyalar veriliş formatlarını düşünəndə, onların oğurluq olmamasını göz altına almalıdırlar. Çünki bir ara Rusiya televiziyalarının reklam bazarının zəngin olduğu bir dönəmdə veriliş formatlarıyla bağlı çox böyük problemlər yaranmışdı. İstər bədi filmləri, istərsə də realiti-şouların və digər verilişlərin formatlarıyla bağlı. Bu məsələdə Azərbaycan da istisna deyil. Azərbaycan televiziya bazarının reklam potensialı az olduğundan, pozuntular olanda belə beynəlxalq qurumlar, o cümlədən media və müəllif hüquqlarını qoruyan qurumlar da buna çox da həssas yanaşmırlar. Amma indi yəqin belə bir vəziyyət və münasibət varsa, Azərbaycan televiziya bazarında artım potensialı var ki, onların diqqətini cəlb eləyib”.

 

13510608_10206143114686501_207986722_n Media hüququ eksperti, tanınmış hüquqşünas Ələsgər Məmmədli isə məsələyə hüquqi prizmadan yanaşaraq, qeyd edib ki, burada problem müəllif hüquqlarının rəsmi baxımdan necə tanınıb-tanınmasıyla bağlıdır: “O veriliş həqiqtən də müəllif hüquqlarının eyni adda, eyni formatda qeydiyyata aldırıbsa, Azerbaycanda da olduğu kimi təkrarlanıbsa, onların məsələsi gündəmə gələ bilər. Azərbaycan Avropa ailəsinə qoşulmuş bir dövlətdir və Bern Konvensiyasına qoşulub. Bern Konvensiyası isə faktiki olaraq, müəllif hüquqlarını beynəlxalq miqyasda qoruyur və bütün dövlətlər üçün də hüquqi öhdəlik yaradır. Bu baxımdan o çərçivədə nəsə mübahisələr ola bilər. “Noviy kanal” və “Pyatnisa” kanalları orijinallığın onlara aid olduğunu sübutlarla təqdim etsələr, yəqin ki, ATV kanalının vəziyyəti yaxşı olmayacaq. “Yoxlama “ layihəsinin aparıcısının paylaşdığı münasibətdə həmin kanaldan lisenziya və loqonu aldıqlarını iddia edirlər. Amma ATV kanalı və “Yoxlama” verilişinin səlahiyyətliləri belə deyirlərsə, əslində isə belə bir lisenziyaları yoxdursa, bu zaman hüquqların qanunsuz olaraq mənimsənilməsi gündəmə gələ bilər. Bunlar məhkəmə mübahisəsi zamanı ortaya çıxacaq məsələlərdir. O aspektlər məhkəmədə müzakirə olunur. Əgər burada hüquq pozuntusu ortaya çıxarsa, Azərbaycan Bern Konvensiyasına qoşulduğu üçün hüquqi məsuliyyətə cəlb ediləcək. Eyni ilə Bern Konvensiyasının müəllif hüquqlarının qorunması haqda qanunu var. İstərsə, buradakı qanunlar çərçivəsində, istərsə də başqa beynəlxalq miqyasda qarşılıqlı olaraq tanınmış məhkəmə səlahiyyətiylə bu məsələyə baxıla bilər. Əgər müəllif hüquqları pozulubsa, orada müəllif hüquqlarnın pozulması tanınacaq və liisenziya vermə hüququna sahib olan tərəfə dəyən zərərin kompensasiya məsələsi gündəmə gələcək”, – deyə o bildirib.

 

 

Qeyd edək ki, ATV kanalında yayımlanan “Yoxlama” verilişinin aparıcısı Azər Məmmədov sosial şəbəkədə video-açıqlamasında “Novıy Kanal”-ın istehsalı olan “Revizor” və “Revizorro” layihələrinin lesenziya və loqosunu aldığını bəyan etmişdi. İyunun 23 də Ukraynanın sözügedən kanalının rəhbərliyinin verdiyi bəyanatda bildirilib ki, Azərbaycanın ATV telekanalı onların “Revizor” və “Revizorro” verilişlərinin plagiatı ilə məşğuldur. Bu barədə onlara məlumat çatan kimi ATV kanalının “Yoxlama” adı altında gedən həmin verilişlərinə “Youtube”-də baxıblar. Ukraynalılar hesab edir ki, bu, əsil plagiatdır və Azərbaycan telekanalı müəllif hüquqlarını kobud şəkildə pozub.

Gülnaz Qənbərli