ATV-yə “toy” tutacaq, daş üstə daşını qoymayacaqlar

  • By admin
  • 04 İyul 2016 14:32

Etibar Huseynov

 
Sabiq millət vəkili, məşhur “Sitatın sonu” verilişinin müəllifi, tanınmış tele-jurnalist Etibar Hüseynov sosial şəbəkədəki səhifəsində ATV-nin qalmaqallı “Yoxlama” verilişiylə bağlı fikir və iradlarını bildirib. Özünün facebook səhifəsində qalmaqallı yazı ilə çıxış edib. Zamanında məşhur “Sitatın sonu” rubrikasının aparıcısı olan telejurnalist bu dəfə öz həmkarlarını hədəfə alıb. Gununsesi.info mövzunun aktuallığını nəzər alıb E.Hüseynovun fikirlərini olduğu kimi təqdim edir:
“ATV yenə də “Yoxlama” verilişinin anonsu yayımlayır. Bu artıq həyasızlığın, abırsızlığın zirvəsidir. Başqa adı yoxdu bunun. Etdikləri oğurluq, rüşvət və reketlik zatən üzdədir. Bundan yana utanıb, ölüb yerə girmək əvəzinə, əksinə heç kəsi eynlərinə almadan işlərindədirlər. Nə ictimai rəy, nə də ölkənin ləkələnən imici və reputasiyası bu insanların heç veclərinə də deyil. Pul, rüşvət, hər bir dəyəri arxa plana keçirib. Rusiyanın, Ukraynanın elə bir TV-si , saytı qalmadı bunların oğurluqları haqda yazmasın. Bizi bütün dünyada biabır etdilər. Hətta erməni saytlarına qədər yazıldı. Bizi mənfur qonşumuzun yanında rəzil, gözükölgəli elədilər. İllər boyu erməniləri vuracaq ən kəsərli arqumentimiz onların oğru, plagiat olmalarıydı. Məhz bu məsələdə ağızlarını açıb danışa bilmirdilər. İndi bunu da əlimizdən alıb onlara danışmaq üçün girəvə verdilər. Amma belə məsələlər veclərinə də deyil. Fəaliyyəti xalqa ucuz , bəsit, tamaşaçı zövqünü korlayan proqramlar sırımaqdan ibarət olan, bu dövlətə, bu millətə heç bir xidməti olmayan kəslərdən ayrı nəsə gözləməyin özü də sadəlövhlük olardı. Kiçik (arxasız) sahibkarları divara dirəyib “qanunla bizim çəkmək, yoxlamaq hüququmuz var” deyən bir şirkət neçə müddətdir ki , heç bir mətbuat orqanına açıqlama vermir. Ayrı vaxt Mətanətin şpaqatindan tutmuş, Rəhim Qazıyevin “bankə”sinə qədər hər bir xırdaçılığa “Ana Xəbərlər” səviyyəsində reaksiya verən teleşirkət “Yoxlama” məsələsinə çatanda inadla susur. Əslində burada da qeyri-adilik görünmür. Nə deyəsi, nə danışası, nəyi açıqlayasıdırlar ki? Oğurluqları zatən sübut olunub və heç cür də təkzib olunası variantı yoxdu. Təəccüb ediləsi bütün baş verənlərdən sonra yenə də heç nə olmamış ki, davranmalarıdır. Rusiyanın “Pyatnitsa” və Ukraynanın “Noyiy Kanal”ının hər ikisi sosial yönümlü olduğundan kifayət qədər reytinqli sayılır. İndi bu teleşirkətlərin hər ikisi ATV rəhbərinə mədəni şəkildə etiraz məktubu ünvanlayıb anlatmağa çalışırlar ki, başqasının əqli mülkiyyətini oğurlamaq olmaz, ayıbdır. Və bu həm də Azərbaycanın da 1997-ci ildə imzaladığı Bern konvensiyasına ziddir. Sonundasa xəbərdarlıq edılır ki, “əgər bu oğurluğunuza son verməsəniz məhkəməyə müraciət olunacaq.” Ancaq ATV rəhbərliyi heç kəsi və heç nəyi eyninə almadan öz işindədir. Amma az qalıb. Bu həyasızlıqları burunlarından töküləcək. Baş verənlərin içində olan birisi kimi bilirəm ki, hər iki teleşirkət məhkəməyə müraciət etmək üçün iddia ərizəsi hazırlayıblar. Bakıda əlavə olaraq vəkil və tərcüməçi tutulmasıyla bağlı danışıqlar aparılır. Məsələni diqqətdə saxlamaq üçün Ukraynanın Bakıdakı səfirliyinə müraciət edilib. Bəzi hüquqi prosedurlar həyata keçiriləndən sonra bir qrup peşəkar vəkil və jurnalistlə Bakıya gəlib ATV-yə “toy” tutacaq, daş üstə daşını qoymayacaqlar. Onlar bunu bacarır. Ortada acı nümunə də var. Bu kanallar bir müddət öncə sizin kimi daha bir oğru – “1+1” kanalını məhkəmədə udmuş və böyük miqdarda cərimələmişdi”-deyə o bildirib.
Gülnaz Qənbərli.