UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatı üçün bilet satışının ikinci mərhələsinin başa çatdığını açıqlayıb.
Gununsesi.org-un məlumatına görə, bu, UEFA-nın rəsmi saytı vasitəsi ilə elan olunub.
Bilet satışının ilkin mərhələsi yayda baş tutub. Həmin vaxt 1.5 milyon bilet üçün 19,3 milyon sorğu alınıb. Turnir üçün, ümumilikdə, 3 milyondan çox bilet satılacaq. Bunun 82 faizi azarkeşlərə ayrılıb.
Bilet almaq üçün müraciət edənlərə 2020-ci il yanvarın sonuna kimi məlumat veriləcək. Müsbət cavab ala bilməyən şəxslər növbəti mərhələlərdə iştirak edə bilərlər.
Qeyd edək ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində – Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.
İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə – Uels, iyunun 21-də isə İsveçrə – Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.
AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda qarşılaşacaqlar.
Gununsesi.org