Avro dəyər itirməkdə davam edir

  • By admin
  • 16 May 2022 10:02

Avropa pulu dollara və digər əksər səbət valyutalara nisbətən dəyər itirməkdə davam edir. Rusiya-Ukrayna müharibəsi başlanan gün dollara nisbətən 1.13 məzənnəsi ilə dəyişdirilən arvo artıq 1.04 kursunadək ucuzlaşıb. Bu avronun müharibə başladıqdan sonra 14 faiz dəyərsizləşməsi deməkdir.

Bu barədə Modern.az-a danışan Mili Məclisin deputatı Vüqar Bayramov bildirib ki, avronun ucuzlaşması daha çox sanksiyaların qarşılıqlı olaraq Avropa iqtisadiyyatına təsirləri ilə bağlı olsa da, dolların qlobal valyuta bazarında möhkəmlənməsi də əsas faktorlardandır.

Deputat qeyd edib ki, bir tərəfdən də enerji məhsullarının qiymətlərindəki artım real sektora təsirsiz ötüşmür:

“Digər tərəfdən, Avropa qitəsində davam edən müharibə ittifaq ölkələrinin iqtisadi artım faizlərini azaldıb. Bu ilin ilk 4 ayında Avropa İttifaqında enerji məhsullarının qiymətində 38 faiz artım olub. Ötən ay isə Avropa İttifaqında son 30 ilin ən yüksək infilyasiyası qeydə alınıb. İstehlak bazarında ümumi qiymət artımı 7.5 faizə yüksəlib. 2022-сi il üçün 3.7 faiz artım proqnozlaşdırılan avrozanda ÜDM bu ilin birinci rübündə cüzi artıb. Bütövlükdə, müharibə uzanarsa, 2022-ci ildə iqtisadi artımın hətta 2 faizdən az olacağı gözlənilir.”

İqtisadçının sözlərinə görə, müharibə uzandıqca avronun ucuzulaşması davam edəcək:

“Hələlik Avropa Mərkəzi Bankı avronun məzənnəsinə təsir edəcək addımlar atmaqda israrlı görünmür. Bu isə o deməkdir ki, hələlik avronun əvvəlki mövqelərinə qayıtması mövcud şərtlər daxilində real deyil. Müharibənin ən çox neqativ iqtisadi təsir etdiyi qitə isə sözsüz avronun işləndiyi Avropa olaraq qalmaqdadır”.