Avropa Bankı “Bank Respublika”ya kredit verdi

  • By admin
  • 13 Dekabr 2019 10:26

 

Bank Respublika Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Azərbaycanda aqro, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı iki böyük kredit sazişi imzalayıb.

Bankdan “Gununsesi”nə  daxil olmuş məlumatda bildirilir ki, imzalanma mərasimində Avropa İttifaqı (Aİ) və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) nümayəndələri də iştirak ediblər.

İlk razılaşma Aİ və AYİB-in təşəbbüsü ilə həyata keçirilən AZAFF kənd təsərrüfatı layihəsi çərçivəsində bağlanıb. Layihə çərçivəsində sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi, texniki yardımın göstərilməsi, maarifləndirici işlərin görülməsi və digər dəstəkləyici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

İkinci kredit müqaviləsi Bankın fəaliyyətinin əsas strateji istiqamətlərindən biri hesab olunan kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi məqsədilə bağlanıb.

 

Bankın məlumatında qeyd edilib ki, cəlb olunmuş vəsait regionlarda, xüsusən də kənd yerlərində fəaliyyət göstərən sahibkarların maliyyələşdirilməsinə yönəldiləcəkdir. Hər iki kredit milli valyutada təqdim ediləcək ki, bu da yerli sahibkarlara valyuta risklərindən yan keçməyə imkan verəcək.

Qeyd edək ki, bu Bankın cari ildə beynəlxalq maliyyə təşkilatı ilə bağladığı sayca üçüncü böyük müqavilədir. Bu isə, banka  beynəlxalq maliyyə bazarında olan yüksək etimadın göstəricisidir. 2019-cu ildə Bank Respublika Hollandiya İnkişaf Bankı (FMO) ilə kredit sazişi və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə valyuta-svopu müqaviləsi bağlayıb.

“AYİB-in Azərbaycanın maliyyə bazarına qayıtması, uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar sayəsində ölkə iqtisadiyyatında əlverişli investisiya mühitinin yarandığından xəbər verir.  AYİB-in Azərbaycanda beynəlxalq layihələrin həyata keçirilməsi məqsədilə əsas tərəfdaş kimi “Bank Respublika”nı seçməsi bizim banka olan yüksək etimadın göstəricisi eləcə də, Azərbaycanın mikro, kiçik və orta biznes seqmentinin liderlərindən biri olmasının daha bir təsdiqidir. İmzalanan saziş, sahibkarlığa, xüsusən də regionlarda kənd təsərrüfatının inkişafı üçün kredit dəstəyini gücləndirməyə imkan verəcəkdir”, – deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.

“Marja”nın əldə etdiyi məlumata, iki müqavilə üzrə (2 milyon və 4 milyon dollar) cəmi cəlb edilən məbləğ 6 milyon dollardır. AYİB tərəfindən 6 milyon ABŞ dolları Azərbaycan manatı ekvivalenti ilə ayrılıb.