Avropa birinciliyinin 3 qat qalibi - FOTO

  • By admin
  • 26 Sentyabr 2017 13:22

06

Kosovonun paytaxtı Priştina şəhərində 22-30 sentyabr tarixlərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi davam edir.

Gənclər və İdman Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizəyə qoşulacaq. Onların arasında bizim yığmanın da üzvləri var.

Bu gün əsas qızıl ümidlərimizdən biri – Səbinə Əzimova körpücük üzərinə çıxıb. O, yaşı 17-ə qədər olan qız atletlərin 53 kq çəki dərəcəsindəki yarışına qatılıb.

Səbinə yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi, yaşı 15-ə qədər olan qızların bu çəkidə rekordçusu idi. O, bu gün 3 qat Avropa çempionu olmaq üçün səhnəyə çıxmışdı və sevindiricidir ki, istəyinə nail ola bildi.

Səbinə birdən qaldırma hərəkətində hər 3 yanaşmasını uğurla yerinə yetirdi və 78 kq-la bu hərəkətdə 2-ci oldu.
Atletimiz təkanla qaldırma hərəkətində 96 kq çəkini ram edərək bu hərəkətdə də 2-ci yeri tutdu.

Ancaq ümumi nəticəmiz çox uğurlu oldu.

Toplam 174 kq (78+96) nəticə göstərən Səbinə Əzimova 53 kq çəki dərəcəsində bütün rəqiblərini qabaqlamağı bacardı.

17 yaşlı atletimiz Landskrona və Novı Tomısldakı qızıl medalların sırasına Priştinadakı qələbəni də əlavə etdi. O, artıq Avropa birinciliyinin 3 qat qalibidir.

Anar

Gununsesi.info