
Türkiyədə 15 iyul çevriliş və vətəndaş müharibəsi cəhdinə, 246 vətəndaşın şəhid olmasına, TBMM-in bombalanmasına heç bir reaksiya verməyən Avropa kürd əsilli millət vəkillərinin həbsinə etiraz edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, toxunulmazlıqları ləğv olunandan sonra çağırışlara əməl etmədiklərinə görə, zorla ifadə verməyə aparılan deputatlar üçün Avropa Birliyi (AB) səfirləri fövqəladə iclas keçirilib.
AB ölkələrinin Türkiyəyə qarşı fəaliyyət göstərən təşkilatlara açıq şəkildə dəstək verməsi, terror hadisələri qarşısında susması Türkiyə ilə sözügedən qurum arasında böhran yaradıb.
AB Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti şöbəsinin rəhbəri Federika Mogereni AB ölkələri səfirlərini iclasa çağıraraq, “Twitter” sosial şəbəkəsindəki hesabında yazıb ki, “millət vəkillərinin nəzarətə götürülməsinə görə, narahatdır”.
AB Komissiyasının səlahiyyətli nümayəndəsi Cohannes Hahn ilə birlikdə yazılı açıqlama verən Mogereni “Hadisələr Türkiyədəki parlament demokratiyasını riskə atır və ölkənin cənub-şərqindəki vəziyyəti daha da gərginləşdirir”.
AB ölkələrinin öz ərazilərindəki Türkiyə səfirlərini çağırıb izahat tələb etməsinə gəlincə, bu işi ilk həyata keçirilən Almaniya olub. Türkiyə səfiri Berlində Xarici İşlər Nazirliyinə çağırılıb. Eyni proses Belçika, İsveç, Danimarka və Norveçdə də davam etdirilib.
Almaniya Federativ Respublikasının prezidenti Yoaxim Qauk bildirib ki, Türkiyədə baş verənlər onu təəccübləndirib. Alman nazirlərindən Mariya Böhmer isə Türkiyə Məclis qrupunu ziyarət edib.
Avropa Parlamentinin (AP) sədri Martin Sults bildirib ki, Türkiyədəki hadisələr həmin ölkənin AB ilə münasibətini mübahisə mövzusuna çevirir.
ABŞ-ın Ankaradakı səfirliyi isə ABŞ rəsmisi Tom Malinovskinin “Twitter” sosial şəbəkəsində ingilis dilində paylaşdığı yazını türk dilinə tərcümə edərək bildirib ki, “millət vəkillərinin həbsi dost və müttəfiq olaraq onları dərindən narahat edir”.
Nigar Cəfərli
Gununsesi.info