Danimarkanın Herninq şəhərində velosiped idmanının şosse növü üzrə Avropa çempionatı başa çatmaq üzrədir.
Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, gənclər, U-23 və Elit kateqoriyası üzrə təşkil olunan yarışda 5 idmançımız mübarizə aparıb.
Avropa çempionatı davam edən günlərdə Danimarkada müşahidə olunan yağışlı hava şəraiti yarışın gedişinə təsirsiz ötüşməyib. Məsələn, 152 gənc velosipedçidən yalnız 117-si məsafəni başa vurub.
Yığma üzvlərimizə gəlincə, finişə 25 km qalmış İvan Orlov təkər deşilməsi, 8 km qalmış isə Mikayıl Səfərli toqquşma nəticəsində qiymətli vaxt itkisinə məruz qalıb və əsas pelotondan aralı düşüb. Buna rəğmən, velosipedçilərimiz 120,6 km məsafəni başa vurmağı bacarıblar.
157 velosipedçinin starta çıxdığı U-23 yaş kateqoriyasında 160,8 km məsafəyə mübarizə zamanı da eyni hadisələr yaşanıb – Kənan Qəhrəmanlı və daha 20 iştirakçı qəza səbəbindən yarışı başa vura bilməyibsə, finişə 300 metr qalmış növbəti qəza Elgün Əlizadənin qızıldan qiymətli saniyələr itirməsi ilə nəticələnib və o çempiona 11 saniyə uduzmaqla 69-cu olub.
Qadın velosipedçimiz Yelena Pavluxinaya gəlincə, fərdi ötüşmədə 15-ci yeri tutan təmsilçimiz 120,6 km məsafyə qrup ötüşməsində çempion olmuş hollandiyalı idmançıdan 18 saniyə geri qalmaqla 97 nəfər arasında 35-ci nəticə göstərib.
U-23 yaş kateqoriyasında qalib olmuş danimarkalı idmançıya çempion köynəyini və qızıl medalı Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov təqdim edib.
Anar
Gununsesi.info