Avropa çempionu: Mükafatları görəndə ən böyük kuboku qazanacağımı söylədim

  • By Günel
  • 11 Sentyabr 2024 16:58

Yarışda mükafatları görəndə ən böyük kuboku qazanacağımı söylədim.

Gununsesi.info bildirir ki, bunu “Report”a açıqlamasında Rumıniyada keçirilən karate üzrə Avropa çempionatının qalibi Aygün Əsədli (55 kq) deyib.

Kyokuşin-kan karate üzrə çempion olan ilk azərbaycanlı qadın idmançı yayın əvvəlindən bu yana yarışa hazırlaşdığını bildirib:

“Məşq prosesində ancaq oğlanlarla mübarizə aparırdım. Mənim üçün çətin idi, çünki 5 kq çəki salmalı idim. Məşqçilərim məni bu yarışa hazırladılar. Üzərimdə əməyi olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Həm müəllimə kimi işləyib, eyni zamanda məşqləri davam etdirmək çətindir. Məşqçilərim məni qələbəyə ruhlandırdılar və çempion olacağımı söylədilər. Yarışda mükafatları görəndə ən böyük kuboku qazanacağımı söylədim. Şükürlər olsun ki, final görüşünü də qələbə ilə başa vurub, baş mükafata sahib çıxıdm”.

A.Əsədli yarışdan sonra Beynəlxalq Kyokuşin-kan Karate Təşkilatının prezidenti Hatsuo Royamanın onu təbrik etdiyini bildirib:

“Görüşlər başa çatdıqdan sonra cənab Royama məni yanına çağırdı. Tərcüməçi vasitəsilə mənim döyüşümü bəyəndiyini və fəxr hissi ilə qarşılaşmalarımı izlədiyini söylədi. Bu mənim üçün çox xoş hal idi”.

Qeyd edək ki, Rumıniyanın Kluj şəhərində keçirilən karatenin kyokuşin-kan növü üzrə Avropa çempionatında 25 ölkədən 400-ə yaxın idmançı iştirak edib. Yarışda Azərbaycanı hakim qismində təmsil edən Qələndər Aslanov “Ən yaxşı hakim” mükafatına sahib çıxıb.

Gununsesi.info