Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatında uğurla çıxış edərək 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan sərbəst güləşçilərimiz vətənə dönüblər.
Gununsesi.info Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, milli komandamızın Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimi keçirilib.
Belə ki, Giorgi Edişeraşvili bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Murad Süleymanov, Aleksandr Qostiyev və Cəmaləddin Məhəmmədov yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Komandamızın digər üzvü Ruslan Dibirhacıyev isə çempionatı 3-cü yerdə başa vurub.
Qarşılanma mərasimində yığmanın məşqçiləri və idmançılar jurnalistlərin suallarını cavablandırıblar.
Firdovsi Umudov, milli komandanın baş məşqçisi: “Bu qələbə dövlətimizin, bütövlükdə bütün xalqımızın qələbəsidir. Sərbəst güləş üzrə yığma komanda Avropa çempionatına ikinci heyətlə qatılıb. Buna baxmayaraq, güləşçilərimizin çıxışından razı qaldım. Onlar sona qədər mübarizə apardılar və uğurlu nəticələr qazandılar. Hazırlıqlar yüksək səviyyədə keçib. Avropa çempionatında qazanılan medallar düzgün yolda olduğumuzu göstərdi. Qarşıda bizi İslam Həmrəyliyi Oyunları gözləyir. İdmançılarımızın bu uğurlu nəticələri İslamiadaya hazırlaşan güləşçilərimiz üçün də əlavə stimul, motivasiya olacaq. Çox yaxşı təlim-məşq toplanışları keçmişik. Federasiya rəhbərliyi tərəfindən bizə hər cür şərait yaradılıb. Çalışacağıq ki, ölkəmizdə təşkil olunan bu mötəbər yarışda da xalqımızı sevindirək, dövlətimizin bizə etimadını doğruldaq”.
Məşqçi Arif Abdullayev: “Avropa çempionatına 8 güləşçiylə yollanmışdıq. Ümumilikdə 5 medal qazandıq. Hər halda, gərgin təlim-məşq toplanışları keçmişdik, bu da bəhrəsini verdi. Bizə yaradılan şəraitə görə Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə təşəkkürümü bildirirəm. Qarşıda bizi İslam
Həmrəyliyi Oyunları gözləyir. Bu mötəbər yarışda da bütün idmançılarımıza uğurlar arzulayıram”.
Avropa çempionu Giorgi Edişeraşvili: “Çox şadam. Avropa çempionatına yollananda məqsədim məhz qızıl medal idi. Şükürlər olsun ki, bunu bacardım. Bu qələbədə əməyi olan hər kəsə, bizi dəstəkləyən güləşsevərlərə təşəkkürümü bildirirəm. Asan olmadı, ancaq yaxşı hazırlıq keçmişdik. Bu da turnirdə özünü göstərdi”.
Avropa çempionatının gümüş mükafatçısı Murad Süleymanov: “Yarış yüksək səviyyədə təşkil olunmuşdu. Çox çətin rəqiblər var idi. Finalda türkiyəli idmançıya uduzdum və gümüş medalla kifayətləndim. Ümumən 5 medal qazandıq. Qızıl da oldu, gümüş də, bürünc də. Komanda yoldaşlarım da çox yaxşı çıxış etdi. Çalışacağıq ki, növbəti yarışlarda da uğurlu nəticələr göstərək”.
Xatırladaq ki, sərbəst güləşçilərimiz komanda hesabında 57 xalla Avropa ikincisi olublar. Rusiya 62 xalla birinci, Türkiyə isə 53 xalla üçüncü yeri tutub.
Anar
Gununsesi.info