XƏBƏR LENTİ

15 Dekabr 2017

17 Noyabr 2017 - 18:30

Avropa İttifaqı Azərbaycanla viza rejimini ləğv etməyə hazırdır- SƏFİR KESTUTİS YANKAUSKAS

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas “Report” agentliyinə müsahibə verib.

Gununsesi.info həmin müsahibəni təqdim edir:

– Aİ noyabrın 24-də Brüsseldə keçiriləcək 5-ci “Şərq Tərəfdaşlığı” sammitindən nə gözləyir?

– “Şərq Tərəfdaşlığı” sammiti hər iki ildən bir keçirilir. Beləliklə, sammit bu iki il ərzində baş verənləri, əldə olunanları yüksək səviyyədə müzakirə etmək üçün yaxşı fürsətdir. İki il əvvəl Riqada 4 prioritet sahə müəyyənləşdirdik, onları “2020-ci il üçün 20 əsas vəzifə” adlandırırıq. Onlar daha güclü bir iqtisadiyyat, daha güclü idarəetmə, daha güclü əlaqələrə və cəmiyyətin möhkəmləndirilməsinə aiddir.

Tədbir zamanı iştirakçılar – dövlət və hökumət başçıları, xarici işlər nazirləri əldə olunmuşlar, baş verənlər, tendensiyalar və proqram üzrə gələcək addımlarımızın necə olacağına dair müzakirələrə cəlb olunacaqlar.

İlk növbədə, dövlət və hökumət başçılarının bu müzakirələrə qatılacaqlarını, orada fəal iştirak edəcəklərini, nailiyyətlər barədə məlumat verəcəklərini, qabaqcıl metodları müzakirə edəcəklərini və artıq dediyim kimi, gələcək üçün məqsədlər müəyyənləşdirəcəklərini gözləyərdim. Çünki “Şərq Tərəfdaşlığı” hər bir tərəfdaşa onların özlərinin Aİ ilə ikitərəfli əlaqələrdə görmək istədikləri ambisiyaları təklif edir. Bu əməkdaşlığın bir çox sahələrində həm də çoxtərəfli platforma var. Ölkələr, məsələn, enerji, nəqliyyat, rəqəmsal mərkəzlər, ticarət və s. kimi sahələrdə əməkdaşlıq edərsə, ən yaxşı inkişaf əldə edilə bilər.

Buna görə də, daha əvvəl deyildiyi kimi, qarşıdakı sammit artıq əldə olunmuşları, eləcə də sonrakı məqsədləri müəyyən etmək üçün fürsətdir.

– Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində hansı sənədlərin imzalanması planlaşdırılır?

– “Şərq Tərəfdaşlığı” sammitinin əsas sənədinin birgə Bəyannamə olacağı gözlənilir. Hazırda onunla bağlı müzakirələr gedir, sənəd üzərində intensiv iş aparılır. Ümid edirik ki, sənəd sammitdə nəşr olunmağa hazır olacaq.

Bu Bəyannamənin, güman ki, “2020-ci il üçün 20 əsas vəzifə” mövzusunda, eləcə də çoxtərəfli çərçivənin yaradılması ilə bağlı iki əlavəsi olacaq.

Azərbaycan və Aİ haqqında danışarkən onu deyə bilərəm ki, hazırda vahid aviasiya məkanına dair razılaşmanın yekunlaşması üzərində işləyirik. Daha əvvəl nümayəndə heyəti Bakıya gəlib, intensiv danışıqlar aparılıb. İndi digər vasitələrdən, müasir kommunikasiya texnologiyalarından istifadə edirik ki, çox güman, sammitdə qəbul olunacaq razılaşmanı tam bitirək, mətnini hazırlayaq.

– Sammitin yekun Bəyannaməsinin mətninə “Şərq tərəfdaşlığı” proqramına üzv olan ölkələrinin ərazi bütövlüyü məsələsi daxil ediləcəkmi?

– Təəssüf ki, münaqişələr “Şərq Tərəfdaşlığı” ölkələrinin əksəriyyəti üçün həll edilməmiş problem olaraq qalır. Bu, şübhəsiz ki, vacib məsələdir. Bu, həm tərəfdaş ölkələr, həm də Aİ-nin özü üçün vacibdir. Bu, bizim qonşuluğumuzdur. Hamımız qonşuluğun təmin olunmasında, sabit və çiçəklənən olmasında maraqlıyıq.

Buna görə də hesab edirəm ki, Bəyannamənin mətni üzərində iş hələ tam başa çatmasa da, bu cür əhəmiyyət daşıyan məsələ Bəyannaməyə daxil edilə bilər.

Aİ bütün tərəfdaşlarının, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini ardıcıl dəstəkləməyə sadiqdir.

Yanaşmamız belədir ki, bütün münaqişələrə beynəlxalq hüquq, prinsiplər və normalar əsasında yanaşmaq lazımdır. Biz bu münaqişələrin yalnız sülh yolu ilə həllinin tərəfdarıyıq.

Sammit iştirakçı ölkələrə bu məsələləri qaldırmağa və onları müzakirə etməyə imkan yaradacaq.

Yeri gəlmişkən, bir neçə gün əvvəl Aİ Şurası İttifaqın Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsini təsdiq edib. Buna görə indi onun yaxın gələcəkdə Bakıya səfəri üzərində işləyirik.

– Bundan əvvəlki Riqa sammitindən bu yana “Şərq Tərəfdaşlığı” proqramı hansı nailiyyətlər əldə edib?

– Son iki il ərzində “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində böyük işlər görülüb və yaxşı irəliləyiş müşahidə edilir. İcazə verin, bunları nümunələrlə izah edim.

İqtisadiyyat sahəsində son bir neçə ildə Gürcüstan, Moldova və bu yaxınlarda Ukrayna üçün qüvvəyə minmiş dərin və hərtərəfli ticarət komponentləri ilə zəngin assosiasiya sazişlərini gördük. Böyük Aİ bazarı indi bu ölkələrin məhsullarına açıqdır. Ticarət bizi birləşdirir və bu sazişlər qüvvəyə minəndən sonra bu ölkələrlə ticarətin artımını görürük.

Bizi bağlayan ikinci amil insanlardır. Əvvəlcə Moldova, sonra isə Gürcüstan və Ukrayna vətəndaşları üçün vizasız rejim tətbiq edilib. Bundan sonra Aİ-yə səyahət edən insanların sayının artdığını görürük. Məsələn, Gürcüstanda vizasız rejimin tətbiqindən sonra bu ölkənin 90 min vətəndaşı Aİ ölkələrinə daxil olmaq üçün bundan istifadə edib. Beləliklə, burada böyük potensial var.

Hesab edirəm ki, “Şərq Tərəfdaşlığı” ölkələrimizin daha da yaxınlaşması üçün imkanlar yaradır. Yaxın olmaqla daha güclü oluruq, hamımız cəmiyyətin modernləşdirilməsi və islahatların həyata keçirilməsində maraqlıyıq. “Şərq Tərəfdaşlığı” isə buna nail olmaq üçün əla platformadır. Beləliklə, son bir neçə ildə çox sayda yaxşı nailiyyətlər əldə olunub.

– Sizcə, “Şərq Tərəfdaşlığı” proqramı Aİ-Azərbaycan münasibətlərində nə dərəcədə uğurlu həyata keçirilir? Bu planda hansı uğurlar qazanılıb?

– Hesab edirəm ki, son bir neçə il ərzində əlaqələrimizi yaxşılaşdırmışıq, iqtisadi əlaqələri inkişaf etdirmişik. Bildiyiniz kimi, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanın ticarətinin demək olar, 50%-i Aİ ilədir. Aİ Azərbaycanda ən iri xarici investordur.

Aİ gömrük prosedurlarının sadələşdirilməsinə, sərhədləri keçməyin sürətləndirilməsi, sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi kimi məsələlərdə çox kömək edib. Son 2 il ərzində Cənub Qaz Dəhlizi üzərində işi davam etdirdik. Bəzi mərhələləri qüvvəyə minsə də, hələ də TAP üzərində çalışmalıyıq, bu işləri davam etdiririk. Bu layihə bizim üçün həlledici əhəmiyyət daşıyır. Çünki bu, ilk növbədə Avropa bazarı üçün alternativ enerji resurslarıdır, eyni zamanda, sizin karbohidrogen ehtiyatlarının reallaşdırmağınız üçün sabit etibarlı bazardır.

Son bir neçə il ərzində Azərbaycan əhəmiyyətli şəkildə iqtisadi diversifikasiya proqramı həyata keçirməyə başlayıb. Bu işdə sizə ən müasir texnologiyalar, modellər, bunu etmək üçün nümunələr lazımdır. Aİ bu məsələdə bir çox tvinninq layihələr təklif edib. Tvinninq məsələsində Azərbaycan “Şərq Tərəfdaşlığı” ölkələri arasında çempiondur. Ümumilikdə Azərbaycanda 46 tvinninq layihə həyata keçirilib və bu, “Şərq Tərəfdaşlığı”nın digər ölkələrindəki göstəricidən çoxdur.

Onlardan 13-ü davam edir, 7-si isə hazırlıq mərhələsindədir. Bu, əməkdaşlığımız üçün yaxşı alətdir.

Həmçinin Azərbaycan və Aİ arasında sadələşdirilmiş viza rejimi, “Erasmus +” proqramları mövcuddur və yüzlərlə tələbə bu proqramlıardan istifadə edərək Aİ ölkələrinə səyahət etmək və orada təhsil almaq şansı əldə edib.

Bu il Aİ və Azərbaycan arasında yeni saziş üzrə danışıqlara başlamışıq, bu, münasibətlərimiz üçün əsas olacaq. Daha öncədən başladığımız və bu il faəllaşan aviasiya sazişi üzrə danışıqlar barədə artıq söhbət açdım. Aİ-nin uzun illər üçün nəzərdə tutulmuş maliyyə dəstəyinin təməlini qoyan tərəfdaşlığın prioritetlərini müzakirə etməyə davam edirik. Sonuncu, amma heç də az əhəmiyyətə malik olmayan, tərəqqiyə nail olmaq üçün ən yaxşı tədbir ictimai rəydir. Azərbaycanda isə Aİ barədə müsbət ictimai rəy artıb.

– Viza rejiminin ləğvi məsələsini qeyd etdiniz. Bu məsələ Azərbaycanla Aİ münasibətlərində müzakirə masasında varmı?

– Bu məsələ “Şərq Tərəfdaşlığı” proqramının bütün ölkələri üçün nəzərədən keçirilir. Vurğuladığım kimi, Moldova artıq bunun faydasını görüb, Gürcüstan və Ukrayna da faydalanmaqdadır. Azərbaycan hazır olarsa, Aİ də bu istiqamətdə addımlar atmağa hazırdır. İlk növbədə, artıq imzalanmış və fəaliyyət göstərən iki sənəd – viza rejiminin sadələşdirilməsi sazişi və readmissiya sazişinin həyata keçirilməsi yolunda harada olduğumuzu çox diqqətlə nəzərdən keçirməliyik. Hansı irəliləyişlərin əldə olunmasının müəyyənləşdirilməsi üçün çoxlu texniki işlər görülməlidir. Müəyyən həddə çatmalıyıq ki, viza rejiminin liberallaşdırılmasının hazırlıq barədə dialoqun başlaması məsələsini Aİ-yə üzv ölkələrin müzakirəsinə təqdim edək. Bunun üzərində işləməyə davam edirik və qarşılıqlı maraq və hazırlıq görsək, bu istiqamətdə getməyə hazır ola biləcəyimizi düşünürəm.

– Rusiyanın “Şərq Tərəfdaşlığı” ölkələrindən bəzilərinə – Ermənistan, Moldova, Belarusa təsirini və və regionda, o cümlədən Dağlıq Qarabağda həll olunmamış münaqişələrin mövcudluğunu nəzərə almaqla, proqramın gələcək perspektivlərini necə görürsünüz?

– Hesab edirəm ki, “Şərq Tərəfdaşlığı” münasibətlərimizin inkişafı üçün çox yaxşı əsasdır. Çünki regionda sabitlik, təhlükəsizlik və rifahın olmasıyla bağlı ümumi məqsədlərimiz var. Bu, hər bir ölkəyə ambisiyalarının səviyyəsinə uyğun olaraq, öz münasibətlərini inkişaf etdirməyə imkan verir. Eyni zamanda, proqram daha sıx əməkdaşlıq, nəqliyyat, enerji layihələri və s. kimi transsərhəd həllər tələb edən çoxtərəfli platforma təklif edir.

Bu yaxınlarda Aİ yeni qlobal strategiya qəbul edib. Bu strategiyada açıq-aydın göstərilib ki, ən yaxın şərq qonşularımızda demokratiya, təhlükəsizlik və sabitliyin əldə olunması və çoxtərəfliliyin həyata keçirilməsi üzrə daha çox işlər görməyə hazırıq.

Hər bir ölkə təhlükəsizlik tədbirlərini seçmək hüququna malikdir. Təəssüf ki, son bir neçə il ərzində Rusiyanın belə hərtəkətlərini görürük, hesab edirəm ki, hamımız bunun nəticələrini gördük. Bundan dərs çıxarmalı və bu davranışa uyğunlaşmalıyıq. Bu hadisələrdən sonra atdığımız tədbirlər Aİ və “Şərq Tərəfdaşlığı” ölkələrində kənar mənfi təsirlərə qarşı dayanıqlılığı artırıb. Bu hallarda sahələrə diqqət yetirməliyik, tərəqqi əldə edə bilərik. Bu dayanıqlığı gücləndirə, rifaf, təhlükəsizliyi və sabitlik yarada bilərik.

Azərbaycan münaqişələrdən əziyyət çəkən yeganə ölkə deyil. Hesab edirik ki, bütün bu münaqişələr, ilk növbədə, ərazi bütövlüyü, suverenlik və müstəqilliyə tam aydın şəkildə dəstək verməklə beynəlxalq norma və qanunlar prizmasından həll edilməlidir. Aİ bu yanaşmanı və bu münaqişələrin həlli üçün mövcud çərçivələri dəstəkləyir. Ümid edirik ki, Aİ-nin yeni xüsusi nümayəndəsinin təyinatı ilə bu məsələyə mümkün qədər qatqı təmin edəcəyik.

Gununsesi.info