Avropa İttifaqı çirkli pulların yuyulmasına qarşı yeni qurumun harada açılacağı barədə razılığa gəldi

  • By admin
  • 23 Fevral 2024 09:11

Avropa İttifaqı (Aİ) Şurasının və Avropa Parlamentinin nümayəndələri fevralın 22-də çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə üzrə gələcək Avropa orqanının (AMLA) yeri barədə razılığa gəliblər.

Gununsesi.info xəbər verir ki, razılaşmaya əsasən, AMLA Almaniyanın Frankfurt şəhərində yerləşəcək və 2025-ci ilin ortalarında fəaliyyətə başlayacaq. Burada 400-dən çox işçi çalışacaq.

Yeni qurum Aİ-də çirkli pulların yuyulmasına qarşı islahatların mərkəzi olacaq. Onun birbaşa və dolayı nəzarət səlahiyyətləri, habelə sanksiyalar və digər məhdudlaşdırıcı tədbirlər tətbiq etmək hüququ olacaq.

Avropa Komissiyası 2021-ci ilin iyulunda AMLA-nın yaradılması təklifini irəli sürüb. Səbəb bir neçə səs-küylü iş, xüsusən də “Danske Bank” işi fonunda çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə üçün kifayət qədər resursların olmaması olub.

Aİ Şurası və Avropa Parlamenti qurumun yaradılması barədə 2023-cü ilin sonunda razılığa gəliblər.

Yanvar ayında qurumlar vətəndaşları və Aİ maliyyə sistemini çirkli pulların yuyulmasından və terrorizmin maliyyələşdirilməsindən qorumaq məqsədi daşıyan çirkli pulların yuyulmasına qarşı mübarizə paketinin bir hissəsi üzrə ilkin razılığa gəliblər.

 

Gununsesi.info