“Avropa İttifaqı ilə Azərbaycan arasındakı yeni saziş hər iki ölkə üçün faydalı olacaq” - Səfir

  • By admin
  • 27 Noyabr 2016 19:56

latviya-sefir

Gələn ilin əvvəlində Latviya xarici işlər naziri Edqar Rinkeviçsin Azərbaycana səfəri gözlənilir.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Trend-ə eksklüziv müsahibəsində Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs deyib.

Diplomat bildirib ki, səfəri çərçivəsində nazir daha yüksək səviyyədə səfər proqramının təşkil edilməsi üzərində işləyəcək.

Onun sözlərinə görə, Azərbaycanla Latviya arasında sistemli şəkildə, yüksək səviyyədə səfərlər davam etdirilir. Səfir bir neçə ay öncə Latviya parlamentinin spikeri İnara Murnietsenin Azərbaycana və Milli Məclisin spikeri Oqtay Əsədovun Latviyaya səfərlərini xatırladıb.

İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olmasını xüsusi vurğulayan latviyalı diplomat Azərbaycanla Latviya arasında ticarət münasibətlərinin müşahidə olunan aşağı səviyyəsindən ciddi narahatlığını ifadə edib.

O deyib ki, iki ölkə arasında ticarət mübadiləsi son illər ərzində 3 dəfə azalıb:

“Azərbaycanın Latviyadakı səfiri ilə hazırda bu göstəricinin yaxşılaşdırılması, ticarətin inkişaf etdirilməsi üçün hansı məhsulların idxal və ixrac edilməsi ilə bağlı müzakirələr aparırıq”.

Onun sözlərinə görə, turizm və mədəniyyət sahəsində münasibətlər də kifayət qədər məhsuldardır, lakin iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində iş aparmaq lazımdır.

Latviya Azərbaycanın ekoloji təmiz məhsulları, qida sənayesi, əczaçılıq, sağlamlıq turizmi sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirməyi təklif edir.

Səfir deyib ki, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasındakı yeni saziş şübhəsiz ki, hər iki ölkə üçün faydalı olacaq:

“Aİ ilə Azərbaycan arasında ilk saziş 1999-cu ildə bağlanıb. Əməkdaşlıq imkanlarını inkişaf etdirmək lazımdır. Latviya həmişə “Şərq Tərəfdaşlığı” proqramını dəstəkləyib. Belə bir dəstək Azərbaycan və Aİ üzvü kimi Latviya üçün daha faydalı olacaq”.

Gununsesi.info