Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması gözlənilən Saziş baş tutmadı.
Bir sıra ekspertlər sazişin imzalanmamasına səbəb kimi Azərbaycanın insan hüquqları ilə bağlı qarşısına qoyulan məsələlərin həllindən imtina etməsini vurğulayıb.
Bu arada isə Avropa İttifaqının rəsmiləri bəyanatlarında bildirib ki, Sazişdə əsas məsələlərdən biri insan hüquqları və demokratiya məslələridir ki, imzalanacaq bu sənəddə öz əksini tapacaq.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva isə bildirib ki, konkret vaxt deməsə də saziş imzalanacaq: “Avropa Birliyi ilə sazişin bir-iki həftəyə imzalanması haqda söylənilənlər harada, necə deyilib bilmirəm. Amma ümumiyyətlə, rəsmi mövqe budur ki, Azərbaycanla Avropa Birliyinin münasibətlərinin hüquqi əsasını təşkil edəcək saziş üzrə danışıqlar yekun mərhələdədir. Onun nə zaman imzalanması gündəmdə deyil»..
Onun sözlərinə görə, Azərbaycan hər zaman bildirib ki, onun üçün keyfiyyət vacibdir.
«Hər iki tərəf bu sazişin tezliklə imzalanmasında maraqlıdır. Bu istiqamətdə danışıqlar davam etdirilir. Amma yenə də deyim, bizim üçün keyfiyyət vacibdir. Bu saziş hər iki tərəfin marağını əks etdirəcək sənəd olmalıdır», – nazirliyin sözçüsü qeyd edib.
Avropa Birliyinin genişlənmə üzrə komissarı Yohannes Han mayın 14-də tərəflərin «həlledici əhəmiyyətə malik» sazişə dair danışıqların son mərhələsində olduğunu söyləyib. O, sazişlə bağlı məsələlərin qarşıdan gələn bir-iki həftədə həll olunacağını bildirib. Y.Han «Sazişin imzalanmasına mane olan əsas əngəllər nədir» sualına cavabında vaxtın bu qədər uzanmasının səbəblərindən birinin insan haqları olduğunu qeyd edib.
«Azərbaycan diqqətini daha çox bizim üçün də mühüm olan iqtisadi tərəfə yönəldib. Ancaq bizim bütün partnyorlarımızla sazişlərimizdə insan haqlarına dair fəsil var», – Y.Han deyib.
L.Abdullayeva Avropa Birliyi komissarının fikri ilə tanış olmadığını söyləsə də, saziş üzrə üç istiqamətdə danışıqlar getdiyini vurğulayıb: «Birinci istiqamət siyasi təhlükəsizliklə, ikinci istiqamət iqtisadi-ticarətlə bağlıdır, üçüncü istiqamət müxtəlif sektorlarda, sahələrdə iki tərəf arasında aparılan danışıqlardır. Hər üç istiqamət üzrə intensiv danışıqlar aparılır. Saziş layihəsinin böyük əksəriyyəti üzrə ilkin razılıq əldə edilib. Müzakirə olunan məsələlər arasında bir sıra məsələlər var, o cümlədən Sizin qeyd etdiyiniz insan haqları ilə bağlı da müzakirələr gedir».
Gununsesi.org