Avropa İttifaqı liderləri Rusiyaya qarşı yeni sanksiyalarla bağlı ANLAŞDI

  • By admin
  • 15 Dekabr 2023 13:59

Brüsseldə Avropa İttifaqı dövlətləri (Aİ) liderlərinin zirvə toplantısının ilk gün sessiyaları davam edərkən, sammitin yekun bəyannaməsinin Rusiyaya qarşı sanksiyalarla bağlı hissəsi jurnalistlərlə paylaşılıb.

Gununsesi.info-nun məlumatına görə, sənəddə bildirilir ki, Aİ Rusiyaya qarşı sanksiyaları daha da gücləndirmək və onları tam və effektiv şəkildə həyata keçirməkdə qərarlıdır.

“Aİ Şurası 12-ci sanksiya paketinin qəbulunu alqışlayır”, deyə qeyd edilən sənəddə heç bir ölkənin müharibədə Rusiyaya dəstək verməməli olduğu vurğulanıb.

12-ci sanksiyalar paketinə almaz da daxil olmaqla yeni ixrac qadağaları, Rusiyanın neft gəlirlərini azaltmaq üçün neftin tavan qiymətinin sərtləşdirilməsi tədbirləri və sanksiyalardan yayınma ilə mübarizənin gücləndirilməsi daxildir. Hələlik tam təfərrüatı açıqlanmayan yeni sanksiyalara yanvarın 1-dən Rusiyadan qeyri-sənaye almaz idxalına qadağa da daxildir.

Sanksiyalar Rusiya neftinin tavan qiymətinin pozulmasının qarşısını almaq üçün xidmət göstərən şirkətlərə əlavə öhdəliklər qoyur və Rusiyanın həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna biləcək məhsulların idxalının qarşısını almaq üçün Aİ şirkətlərinə ixrac qadağalarını ehtiva edən müqavilələri məcburi edir.  Yeni sanksiyaların qüvvəyə minməsi üçün üzv dövlətlərin razılığı tələb olunurdu. “Raiffeisen Bank”ın Ukraynanın müharibəyə sponsorluq etdiyi şirkətlər siyahısından çıxarılmasını istəyən Avstriya sözügedən sanksiyalar paketini təsdiqləməyib.

Aİ indiyədək müharibə səbəbindən Rusiyaya qarşı 11 sanksiya paketi tətbiq edib. Bu kontekstdə Rusiyaya qarşı ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və dəbdəbəli məhsullar, o cümlədən neft və kömür, qızıl daxil olmaqla, geniş məhdudiyyətlər tətbiq edilib.

Digər tərəfdən, Aİ ölkələrinin Rusiyadan dəniz yolu ilə daşınan neftə idxal qadağası və barel üçün 60 dollarlıq tavan qiymət qərarları 5 dekabr 2022-ci il tarixindən qüvvəyə minib. Bu çərçivədə Rusiya nefti üçüncü ölkələrə müəyyən edilmiş qiymətdən yüksək səviyyədə satılarsa, G7 və Aİ ölkələrindəki şirkətlər bu neftin daşınması, sığortası və brokerliyi kimi müxtəlif xidmətlər göstərə bilməz. Bu xidmətləri göstərmək üçün Rusiya nefti tavan qiymətindən aşağı satılmalıdır.

Gununsesi.info