Avropa Komissiyasının sədri Ursula fon der Leyen fevralın 29-da Qəzza zolağında humanitar yardımın paylanmasını gözləyən fələstinlilərə İsrailin hücumu ilə bağlı araşdırma aparmağa çağırıb.
Gununsesi.info xəbər verir ki, o, baş verənlərlə bağlı şəffaf araşdırma aparılmasını tələb edərək X sosial media hesabında yazıb.
“Qəzzadan gələn görüntülər çox narahat edir”, – deyə o qeyd edib.
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel də sosial mediada İsrailin hücumuna münasibət bildirib.
“Qəzza zolağında humanitar yardıma ehtiyacı olan mülki əhalinin yeni qətliamı xəbərindən dəhşətə gəldim. Bu ölümlər tamamilə qəbuledilməzdir. İnsanları ərzaq yardımından məhrum etmək beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır. Qəzzaya maneəsiz humanitar girişə icazə verilməlidir”, – Borrel yazıb.
Dünən səhər humanitar yardım gözləyən fələstinlilərə İsrailin hücumları nəticəsində ölənlərin sayı 112-yə yüksəlib.
Gununsesi.info