Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Avropa Birliyinin TVİNNİNQ layihəsi çərçivəsində Azərbaycana ezam olunmuş avstriyalı ekspertlər Herbert Paulişin, Olqa Zeçner və Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) direktoru Qven Börçellə görüşüb.
Gununsesi.info-nun məlumatına görə, komitə sədri bildirib ki, görüşün məqsədi qonaqların “Sosial xidmət haqqında” qanunun mahiyyəti ilə əlaqədar bəzi məsləhətləşmələr aparmaq istəyidir. Qeyd olunub ki, Azərbaycan 2004-cü ildən Avropa Sosial Xartiyasını ratifikasiya edib. Sosial xidmətlər almaq hüququ Xartiyada əksini tapmış əsas prinsiplərdən biridir. H. Rəcəbli bu sahədə Azərbaycanda görülən işlərdən danışıb. Qeyd olunub ki, dünya təcrübəsində sosial xidmətlə təkcə dövlət qurumları deyil, QHT-lərin, bələdiyyə qurumlarının da məşğul olması uğurla tətbiq olunur:
“Bu, Azərbaycan parlamentinin qəbul etdiyi “Sosial xidmət haqqında” qanunun da əsas yeniliyidir. Sənəddə xidmətlərin böyük bir qisminin dövlət sifarişi əsasında tenderlərdə qalib gəlmiş QNT-lərə verilməsi təsbit olunur”.
Özəl sosial xidmətin bu sahədə əsas məqam olduğunu vurğulayan komitə sədri bununla əlaqədar görüləcək işlərdən söhbət açıb.
MM Aparatının Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev qanunda əksini tapan sosial işçi, sosial xidmətçi, onların hüquq və vəzifələri, evdə stasionar, yarımstasionar, sosial məsləhət yardımı, sağalması mümkün olmayan xəstələrə xidmət və s. sosial xidmət elementləri barədə qonaqlara məlumat verib.
Avropa Birliyinin TVİNNİNQ layihəsi çərçivəsində Azərbaycana ezam olunmuş avstriyalı ekspertlər Herbert Paulişin və Olqa Zeçner ölkəmizdə bu sahədə görülən işləri yüksək dəyərləndiriblər. “Sosial xidmət haqqında” qanunu olduqca təkmil, bu sahəni tam əhatə edən sənəd kimi qiymətləndirən qonaqlar bəzi bölgələrdə – Gəncədə, Xaçmazda, Lənkəranda layihənin uğurlu tətbiqindən söz açıblar. Özəl sosial xidmətlə bağlı görüləcək işlərin zəruriliyini vurğulayıblar.
Azərbaycana Birgə Yardım Təşkilatının direktoru Qven Börçell peşəkar kadrların çatışmazlığını bu sahədəki əsas problem kimi dəyərləndirib. Azərbaycan ali və orta ixtisas təhsili müəssisələrinin bu məsələyə diqqəti artırmasının, professional həkim, psixoloq, ekspert, sosial işçi hazırlığının vacibliyini diqqətə çatdırıb.
Görüşdə bu sahədə maraq doğuran bir sıra məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
KAMİL
Gununsesi.info