Avropa İttifaqı rəsmisindən Ermənistanla bağlı üzvlük açıqlaması

  • By admin
  • 15 Mart 2024 11:34

Avropa İttifaqı (Aİ) Xarici İşlər Xidmətinin nümayəndəsi Piter Stano bildirib ki, istənilən Avropa ölkəsi kimi Ermənistanın da Avropa İttifaqına üzvlük üçün müraciət etmək hüququ var.

Gununsesi.info xəbər verir ki, o, bu barədə “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

“Bütün ölkələrin öz xalqları üçün daha yaxşı gələcək üçün səy göstərmək hüququ var. Belə bir gələcəyi necə təmin edəcəklərinə qərar verməkdə sərbəstdirlər. Aİ-yə üzvlüklə bağlı hər bir Avropa ölkəsi, onun xalqı və hökuməti Aİ-yə üzvlük üçün müraciət etmək istəyib-istəməməsinə qərar verməlidir”, – deyə Stano Avropa İttifaqının qapılarının Ermənistana açıq olub-olmaması sualını cavablandırıb.

O xatırladıb ki, ölkə Avropa İttifaqına üzv olmaq üçün müraciət etdikdə ona təşkilata üzv dövlətlər baxır, bundan sonra “Aİ müqavilələri və müəyyən edilmiş meyarlar” əsasında müvafiq qərar qəbul edirlər.

Xatırladaq ki, martın 13-də Avropa Parlamentinin plenar iclasında Aİ ilə Ermənistan arasında daha sıx əlaqələrin və Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanmasının zəruriliyi ilə bağlı təqdim edilən qətnamə 504 səs, 4 əleyhinə və 32 bitərəf olmaqla qəbul edilib.

 

Gununsesi.info